DÜNYA
Hakerlərin “Walt Disney” kompaniyasından oğurladıqları filmin adı bəlli olub
Bakı, 16 may, AZƏRTAC
Hakerlər may ayının sonlarında kinoteatrlara çıxarılması planlaşdırılan “Karib dənizinin quldurları” macəra kinoepopeyasının 5-ci seriyasını hissələrlə şəbəkəyə qoymaqla hədələyərək Amerikanın “Walt Disney” kompaniyasından pul tələb ediblər.
AZƏRTAC xəbər verir ki, “Los Angeles Times” qəzetinin yaydığı məlumata əsasən, bir qədər əvvəl “Walt Disney” kinostudiyasının prezidenti Robert Ayger hakerlərin bu yaxınlarda ekranlara çıxacaq bir filmi oğurlayaraq onu internetdə qoymaqla hədələdiklərini bildirib. Onun sözlərinə görə, hakerlər əvvəlcə filmin beş dəqiqəlik kiçik hissəsini şəbəkəyə yerləşdirəcək və sonra 20 dəqiqəlik digər hissələri də tələbləri yerinə yetirilənədək internetə yükləyəcəklər. Lakin kompaniya onların tələb etdiyi böyük məbləğdə pulu ödəməkdən imtina edib.
Ayger söhbətin hansı filmdən getdiyini deməsə də, hadisədən xəbərdar mənbə nəşrə bildirib ki, oğurlanan ekran əsəri “Karib dənizinin quldurları: Ölülər nağıl danışmır” filmidir.
Piratların kapitanı Cek Sərçə və onun kompaniyasının macəralarının 5-ci hissəsinin premyerası mayın 26-na təyin olunub.