CƏMİYYƏT
Hakim partiya Marneulidə icra başçısı vəzifəsinə öz namizədini irəli sürüb
Tbilisi, 13 aprel, AZƏRTAC
Hakim "Gürcü arzusu-demokratik Gürcüstan" Partiyası Marneuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə namizədini irəli sürüb.
AZƏRTAC xəbər verir ki, aprelin 13-də partiya Kvemo Kartli bölgəsinin qubernatorunun müavini, azərbaycanlı Zaur Darğallının namizədliyini rəsmən irəli sürüb.
Marneuli rayonunda təşkil olunmuş mərasimdə çıxış edən Baş nazir Mamuka Baxtadze bildirib ki, hakim "Gürcü arzusu-demokratik Gürcüstan" Partiyası seçkilərin demokratik və şəffaf keçirilməsi üçün bütün imkanlarını səfərbər edəcək. O, azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində, xüsusən də Marneulidə Zaur Darğallının böyük potensiala malik olduğunu, mayın 19-da keçiriləcək seçkilərdə onun qələbə qazanacağına inandığını bildirib.
Zaur Darğallı çıxış edərək ona göstərilən etimada görə, partiya rəhbərliyinə minnətdarlıq edib və bu etimadı doğruldacağına söz verib.
Mərasimdə "Gürcü arzusu-demokratik Gürcüstan" Partiyasının siyasi məsələlər üzrə icraçı katibi İrakli Qaribaşvili, Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə dövlət naziri Ketevan Tsxelaşvili, parlamentinin deputatları və digər rəsmi şəxslər iştirak ediblər.
Məlumat üçün qeyd edək ki, mayın 19-da Gürcüstanın bir neçə bölgəsində, mer və icra hakimiyyəti başçısı, eləcə də parlamentdə boş qalmış deputat yerlərinə seçkilər keçiriləcək.
Azərbaycanlıların daha çox yaşadıqları Marneuli rayonunda icra başçısı vəzifəsi uğrunda bir neçə soydaşımız mübarizə aparacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi