CƏMİYYƏT


Hakimliyə namizədlərlə yazılı imtahanda iştirak edən 156 nəfərdən 84-ü müsabiqənin növbəti mərhələsinə buraxılıb

Bakı, 23 iyul, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tövsiyə və tapşırıqları üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi davam edir.

Hakimlərin Seçki Komitəsindən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin bütün mərhələlərində uğur qazanmış 44 nəfər hakimliyə namizəd bu ilin fevralında dövlətimizin başçısının Sərəncamı ilə müxtəlif hakim vəzifələrinə təyin ediliblər.

Eyni zamanda test, habelə yazılı və şifahi imtahanları müvəffəqiyyətlə vermiş daha 41 namizəd hakim vəzifəsinə hazırlanmaları üçün tədris kurslarına cəlb olunublar.

Müsabiqə davamlı xarakter alıb və mətbuatda xəbər verildiyi kimi, növbəti test imtahanında müvəffəqiyyət qazanmış 156 nəfər hakimliyə namizədlə yazılı imtahan keçirilib. Namizədlər tərəfindən cinayət və mülki sahələr üzrə 2 kazus xarakterli sual 4 saat ərzində cavablandırılıb.

Onların cavab vərəqələri kodlaşdırılaraq anonim qaydada, ikiqat üsulla Hakimlərin Seçki Komitəsinin üzvləri və dəvət edilmiş mütəxəssislər tərəfindən ayrı-ayrılıqda yoxlanılıb. Bu zaman qanunun məzmununu açmaq və izahını vermək, kazusları həll etməklə qoyulmuş məsələlərə düzgün qiymət vermək bacarıqlarına xüsusi diqqət yetirilib.

İmtahanın nəticəsinə görə hər bir sahə üzrə 60 və daha çox bal toplamış 84 nəfər namizəd müsabiqənin növbəti mərhələsinə – şifahi imtahana buraxılıb. Həmin şəxslərin siyahısı Məhkəmə-Hüquq Şurasının İnternet səhifəsində yerləşdirilib (ünvan: www.jlc.gov.az).

Hakimliyə namizədlərin sənədlərinin qəbulu davam edir və artıq 100-dən çox hüquqşünas sənədlərini təqdim edib. Hakimlərin Seçki Komitəsi hüquqşünasları müsabiqədə iştiraka dəvət edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.