İQTİSADİYYAT
Halal keyfiyyət infrastrukturu sahəsində Anlaşma Memorandumu imzalanıb
Bakı, 5 oktyabr, AZƏRTAC
“Azərbaycan Standartlaşdırma İnstitutu” (AZSTAND) publik hüquqi şəxsin nümayəndələri Birləşmiş Ərəb Əmirliklərində keçirilən Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) illik toplantısında iştirak edib.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, toplantı çərçivəsində AZSTAND ilə Qazaxıstan Standartlaşdırma və Metrologiya İnstitutu arasında halal keyfiyyət infrastrukturu sahəsində Anlaşma Memorandumu imzalanıb.
Tərəflər halal məhsulların müvafiq standartlaşdırma fəaliyyəti üzrə təcrübə mübadiləsi, mütəxəssislərin hazırlanması, texniki əməkdaşlıq və halal məhsulların sertifikatlaşdırılmasına dair stimullaşdırıcı tədbirlər barədə razılığa gəliblər.
Razılaşmaya əsasən, halal məhsul və xidmətlərə dair standartların hazırlanması İslam Əməkdaşlıq Təşkilatı - İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya İnstitutunun tələblərinə uyğun olaraq həyata keçiriləcək.