CƏMİYYƏT
Hande Harmancı: Sərt karantin rejiminin qaydaları yumşaldılandan sonra insanların yeni normalarla yaşamaları lazımdır
Bakı, 31 iyul, AZƏRTAC
Azərbaycanda iyun ayının sonundan etibarən koronavirusa yoluxma hallarında stabilləşmə var. Son həftələrdə isə azalma müşahidə olunur. Buna tətbiq olunan məhdudiyyətlərin nəticəsində nail olunub.
AZƏRTAC xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.
“Bu təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Sərt karantin rejiminin qaydaları yumşaldılandan sonra insanların yeni normalara əsasən yaşamaları lazımdır. Yumşalmaya keçdikdən sonra yoluxma sayında artım olmazsa, daha da yumşaldılmaya gedilə bilər.
Avqustun 5-dən sonra Nazirlər Kabineti yanında Operativ Qərargahın nə qərarlar qəbul edəcəyini bilmirik. Lakin bu dəqiqdir ki, biz karantin rejiminin qaydalarına əməl etsək, yumşaldılmış rejimlə yaşama şansımız ola bilər”, - deyə H.Harmancı qeyd edib.