CÜMHURİYYƏT - 100
Hanoyda “Azərbaycan və Vyetnamın dövlətçiliyi: yaranma və inkişaf” adlı konfrans keçirilib VİDEO
Hanoy, 21 aprel, AZƏRTAC
Hüquqi dövlətin qurulması hər bir xalq üçün son dərəcə ciddi əhəmiyyətli və böyük məsuliyyət tələb edən məsələdir. Yüz il əvvəl Xalq Cümhuriyyətini qurmaqla Azərbaycan xalqı bu vəzifənin öhdəsindən layiqincə gəlib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzinin, ölkəmizin Vyetnamdakı səfirliyinin birgə təşkilatçılığı ilə Hanoyda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə keçirilən konfransda səslənib.
“Azərbaycan və Vyetnamın dövlətçiliyi: yaranma və inkişaf” adlı konfransda Vyetnam hökumətinin, Kommunist Partiyasının, parlamentin, elmi-tədqiqat mərkəzlərinin, təhsil müəssisələrinin, digər dövlət qurumlarının və özəl təşkilatların, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri, Vyetnamda akkreditə olunmuş diplomatik korpus təmsilçiləri iştirak ediblər.
Prezident İlham Əliyevin 2018-ci ilin respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncam imzaladığını bildirən səfir Anar İmanov bir əsr öncə yaradılan dövlətin müasir Azərbaycan Respublikasının qurulmasında mühüm rol oynadığını vurğulayıb.
Sözügedən hadisənin Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazıldığını bildirən diplomat AXC-nin demokratik dəyərlərə sadiqliyini bəyan etməklə yanaşı, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının təminatı istiqamətində əməli tədbirlərin həyata keçirildiyini bildirib. Azərbaycan tarixində ilk dəfə olaraq ölkə vətəndaşlarının sosial vəziyyəti və dinindən asılı olmayaraq eyni hüquqlarla təmin edildiyi, hətta ABŞ və bir sıra Avropa ölkələrindən də öncə qadınlara seçki hüququnun verildiyi bildirilib.
Konfransda Azərbaycan dövlətçiliyinin tarixi mərhələlərindən, Xalq Cümhuriyyətinin yaranmasından əvvəl və sonra Cənubi Qafqaz bölgəsində baş verən hadisələrdən, AXC-nin müxtəlif sahələrdə həyata keçirdiyi islahatlardan danışılıb.
A.İmanov Azərbaycanın dövlətçilik ənənələrinin qorunub inkişaf etdirilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz rolunu vurğulayaraq, Ulu Öndərin həm sovet, həm də müstəqillik illərində Azərbaycana rəhbərliyi zamanı ölkəmizin qazandığı böyük uğurlar barədə məlumat verib.
Səfir ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü şəkildə davam etdirdiyini bildirib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan uğurla inkişaf edir, xalqın rifahı yüksəlir, beynəlxalq aləmdə ölkəmizin mövqeləri möhkəmlənir. Bu siyasətin nəticəsi olaraq aprelin 11-də keçirilən prezident seçkilərində xalqımız İlham Əliyevə yenidən etimad göstərib.
A.İmanov iki ölkə arasında əlaqələrin keçmişi, hazırkı vəziyyəti və perspektivlərindən bəhs edərək, Azərbaycanın Cənub-Şərqi Asiya bölgəsində əsas tərəfdaşlarından olan Vyetnam ilə dövlətlərarası münasibətləri sürətlə inkişaf etdirmək əzmində olduğunu bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir A.İmanov Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasəti nəticəsində ərazimizin 20 faizinin işğal edildiyini diqqətə çatdırıb. Səfir münaqişənin yaranma səbəbləri və hazırda ATƏT-in Minsk qrupu çərçivəsində aparılan müzakirələr haqqında məlumat verərək, Ermənistan silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin dörd qətnaməsinin, habelə digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin müddəalarının yerinə yetirilməsinin Ermənistan tərəfindən tamamilə rədd edildiyini bildirib. Münaqişənin yalnız Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinin mümkünlüyü vurğulanıb.
Konfransda Azərbaycanın XIX əsrə aid, habelə AXC və müasir Azərbaycanın xəritələri nümayiş etdirilərək, torpaqlarımızın ermənilər tərəfindən zəbt olunması prosesi barədə ətraflı məlumat verilib.
Tədbirdə Azərbaycanın Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzinin direktoru, Kommunist Partiyasının xarici informasiya jurnalının baş redaktoru Dao Xuan Tien, Vyetnam parlamentinin məhkəmə komitəsinin sədr müavini, Vyetnam-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Nquyen Man Cuonq, Vyetnam İctimai Elmlər Akademiyasının MDB ölkələri üzrə Araşdırma Mərkəzinin direktoru xanım Vu Thuy Tranq, Vyetnam Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının professoru Le Thanh Binh və başqaları çıxış ediblər. Natiqlər AXC-nin yaradılmasının Azərbaycan tarixinin parlaq səhifəsi olması ilə yanaşı, daha geniş miqyasda böyük tarixi əhəmiyyət kəsb etdiyini bildiriblər. Qeyd olunub ki, Azərbaycan qədim dövlətçilik ənənələri, zəngin tarixi və nadir mədəni irsi olan ölkədir.
Konfransda Azərbaycan və Vyetnam dövlətçiliyi arasında paralellər aparılıb, müxtəlif sahələr üzrə oxşarlıqlardan bəhs olunub. Çıxışlarda Vyetnam ilə Azərbaycan arasında tarixən dostluq münasibətlərinin mövcudluğu bildirilərək, hazırkı dövrdə bu əməkdaşlığın gücləndirilməsinin və hər iki xalq arasında əlaqələrin genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Tədbir çərçivəsində mövzu ilə bağlı foto və videomateriallar nümayiş etdirilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Hanoy