REGİONLAR
“Hədəf” adlı atış təliminə 60-a yaxın gənc qatılıb
Naxçıvan, 20 aprel, AZƏRTAC
“Naxçıvan” Mərkəzi Təlim Mərkəzində reallaşan “Hədəf” adlı atış təlimində ali və orta ixtisas təhsili müəssisələrindən 60-a yaxın gənc iştirak edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva çıxış edərək təlimin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, layihə gənclər arasında ilkin hərbi bacarıqların və atıcılıq qabiliyyətinin formalaşdırılmasına mühüm töhfədir. Məqsəd gənc nəslin vətənpərvərlik ruhunu daha da yüksəltmək, müəyyən hərbi biliklərə və döyüş hazırlığına yiyələnmələrinə şərait yaratmaqdır. Müzəffər Azərbaycan Ordusunda xidmət edən əsgər və zabitlərin, könüllülərin 44 günlük Vətən müharibəsi dövründəki şücaətini, qəhrəmanlığını xatırladan şöbə müdiri deyib ki, biz hər an Vətənimizin müdafiəsinə hazır olmalı, sabitlik və inkişafın qorunması üçün üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.
Əlahiddə Ümumqoşun Ordunun zabiti İlham Məhərrəmov təlimin təhlükəsizlik qaydaları və tapşırıqlar barədə məlumat verdikdən sonra gənclər təlim nöqtələrinə dəvət olunublar. Təlimdə avtomatın hissə və mexanizmləri, natamam sökülüb-yığılması, darağın doldurulub-boşaldılması və praktik atəş tapşırığının yerinə yetirilməsi həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Əlahiddə Ümumqoşun Ordunun və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə müvafiq qiymətləndirməyə əsasən, fərqlənən gənclərə fəxri fərmanlar təqdim edilib.