MƏDƏNİYYƏT
Həftəsonu “YUĞ”da maraqlı olacaq
Bakı, 24 yanvar, AZƏRTAC
“YUĞ” Dövlət Teatrının yaradıcı heyəti həftəsonunu maraqlı keçirmək istəyənləri repertuarda xüsusi yer tutan iki tamaşaya baxmağa dəvət edir.
Teatrdan AZƏRTAC-a bildirilib ki, yanvarın 26-da “Sonuncu”, yanvarın 27-də isə “Medeya.Sekvensiya-01” səhnə əsərləri təqdim olunacaq. Xalq artisti Ramiz Həsənoğlunun quruluşunda hazırlanan “Sonuncu”da rolları Əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Ləman Novruzova ifa edəcək. Səhnə əsərinin quruluşçu rəssamı Ramiz Həsənoğlu, geyim üzrə rəssamı Nana-Burxan, musiqi tərtibatçısı Əlibala Qasımovdur. Qrafika işləri Əhməd Məcidov və Nazim Sadıqova məxsusdur.
A.P.Çexovun yaradıcılığından bəhrələnərək yazılmış pyesdə hadisələr müasir dövrə uyğunlaşdırılıb. Müəlliflər sənətkar taleyi məsələsinə müasir baxış bucağından yanaşmağa çalışıblar.
Tamaşada qocaman aktyor Əlisöhbət Qələndərlinin timsalında sənət adamlarının taleyi, yaşantıları və düşüncələri ifadə olunub. Burada ömrünü sənətə həsr etmiş və yaşının ixtiyar çağında bəzi səhvlərini dərk etmiş insanın faciəsi qabardılır.
Teatrsevərlər “Medeya. Sekvensiya 01” tamaşasına Mikayıl Mikayılovun quruluşunda baxacaqlar. Quruluşçu rəssamı Umay Minnur olan səhnə əsərində əsas rolları Əməkdar artistlər Sonaxanım Mikayılova, Gülzar Qurbanova ifa edəcək.
Tamaşa Vladimir Klimenkonun “Medeya Teatrı” pyesi əsasında hazırlanıb.
Hər iki tamaşa A. Şaiq adına Dövlət Kukla Teatrının səhnəsində izləniləcək.