CƏMİYYƏT
Həkim-dermatoloq: Pirsinq zamanı taxılan sırğalar tam steril olmalıdır
Bakı, 17 may, AZƏRTAC
Gənclər arasında pirsinq etdirilməsi dəb halını alıb. Əvvəllər yalnız bir sırğa ilə kifayətlənənlər sonra onun sayını artırırlar.
AZƏRTAC xəbər verir ki, həkimlər 18 yaşdan sonra pirsinq etdirməyi məsləhət görürlər, əks halda qulaqda çapıq əmələ gələ bilər. Qığırdaq hissənin deşilməsi zamanı isə daha diqqətli olmaq lazımdır, çünki sinirlərin zədələnmək ehtimalı var.
Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova deyib: “Pirsinq zamanı, ilk növbədə, qulaqda düzgün nöqtə seçilməlidir, çünki qulaq seyvanında xüsusi reflektor nöqtələr var və onlar daxili orqanların fəaliyyəti ilə bilavasitə əlaqədardır. Ən ağrısız yer qulaq sırğalıq nahiyəsidir, qalan yerlər isə bir qədər ağrılıdır. Ona görə də həmin prosedur zamanı mütləq keyitmə tətbiq olunmalıdır”.
Proses müxtəlif üsullarla həyata keçirilir, lakin istənilən halda istifadə olunan əşyaların sterilizə olunması vacibdir. İlk sırğanın hansı materialda hazırlanması da əsas şərtdir. Həkim-dermatoloq bildirib: “Gümüş, yaxud bijuteriya taxılması həmin nahiyədə qaralma, infeksiya keçməsinə səbəb olur. Gümüş oksidləşdiyinə görə əlavə allergik reaksiya törədə bilər, lakin həmin nahiyəyə cərrahi polad və yaxud tamamilə hipoallergen materialdan olan diflom sırğalar taxılması məsləhətdir. İlkin taxılan pirsinq tam steril olmalıdır”.
Pirsinq olan nahiyəyə gündə 4-6 dəfə antibakterial maz və krem çəkmək tövsiyə olunur. Həmin nahiyəni bir müddət sudan qorumaq da vacibdir.