CƏMİYYƏT
Həkimlərimizin fədakarlığı sayəsində Birinci və İkinci Qarabağ müharibələrində minlərlə döyüşçünün həyatını xilas etmək mümkün olub
Bakı, 17 iyun, AZƏRTAC
İyunun 17-də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilov 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Müharibə Veteranlarının Respublika Xəstəxanasının həkim kollektivi ilə görüşüblər.
Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, Müharibə Veteranlarının Respublika Xəstəxanasının baş həkimi Gülşən Əliyeva peşə bayramı günündə həkimləri ziyarət etdiklərinə görə tibb işçiləri adından Fatma Səttarovaya təşəkkürünü bildirib.
Uzun illərdir ki, bu xəstəxanada veteranların yüksək səviyyədə müalicə aldığına diqqət çəkən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova onlara göstərdikləri qayğıya görə xəstəxananın rəhbərliyinə və tibb heyətinə minnətdarlığını ifadə edib və onları təşkilatın fəxri fərmanlar ilə mükafatlandırıb.
Görüşdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov veteranların müalicəsində Müharibə Veteranlarının Respublika Xəstəxanasının həkim kollektivinin böyük əməyi olduğunu vurğulayıb. Qeyd edilib ki, məhz həkimlərimizin fədakarlığı sayəsində istər Birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində minlərlə döyüşçünün həyatını xilas etmək mümkün olub.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat katibi Seymur Əliyevin də iştirak etdiyi tədbirdə dövlətin tibb işçilərinə olan diqqət və qayğısından məmnunluqla bəhs olunub, bu sahədə həyata keçirilən islahatların cəmiyyətdə təqdirlə qarşılandığı vurğulanıb.