CƏMİYYƏT
Hematologiya sahəsində əldə edilən nailiyyətlər pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşmasına imkan yaradıb
Bakı, 23 oktyabr, AZƏRTAC
Oktyabrın 22-də Milli Hematologiya və Transfuziologiya Mərkəzinin və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə hematoloqlar üçün "Qanın laxtalanma pozuntusunun müasir müalicəsi və pasiyent hüquqlarına dair seminar" təşkil edilib.
AZƏRTAC xəbər verir ki, seminar çərçivəsində Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının hematologiya şöbəsinin müdiri Naidə Hüseynzadə "İnhibitorlu xəstələrə yanaşma və müasir müalicə metodları" mövzusu ilə çıxış edib, hemofiliyanın Azərbaycandakı vəziyyəti, inhibitor formasının müalicəsi və dünyada aparılan müasir müalicə metodları haqqında ətraflı məlumat verib.
Seminarda ağır formalı inhibitorlu pasiyentlərın həyat keyfiyyətinin yaxşılaşdırılmasında tətbiq edilən yeni nəsil müalicə üsulu olan Hemlibra (Emicizumab) dərman preparatının müalicədə tətbiq edilməsinin vacibliyi xüsusi ilə vurğulanıb. Seminar çərçivəsində Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov "Pasiyentin keyfiyyətli müalicəsi və seçim hüququ" mövzusunda təqdimat keçirib. 2021-ci il yanvarın 27-də təşkil edilən Pasiyent Təşkilatlarının birinci Respublika Forumunda qəbul edilən pasiyent hüquqlarına dair Bəyannamənin maddələri haqqında geniş məlumat verib. Ayaz Hüseynov pasiyentin müalicəsində tətbiq edilən üsulların, dərman preparatlarının seçimində pasiyentin iştirakının vacibliyini xüsusi vurğulayıb.
Bununla yanaşı, Ayaz Hüseynov, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin fəaliyyətinə münasibətini bildirib: "Qısa bir zamanda hematologiya sahəsində əldə edilən nailiyyətlər pasiyentlərin həyat keyfiyyətinin yaxşılaşmasına imkan yaradıb". O, Milli Hematologiya və Transfuziologiya Mərkəzi ilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə əməkdaşlığından məmnunluğunu bildirib.