CƏMİYYƏT
Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 7 iyul, AZƏRTAC
İyulun 6-sı saat 22 radələrində Yardımlı rayonunun Ostair kənd sakini 1962-ci il təvəllüdlü Gülxar Məmmədovanın yaşadığı evin həyətyanı sahəsində yerləşən ərzaq mağazasında üzərində qətl əlamətləri olan cəsədinin aşkarlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Yardımlı Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1985-ci il təvəllüdlü Firqət Məstiyevin qeyd edilən tarixdə Gülxar Məmmədovaya məxsus ərzaq mağazasına daxil olub əlindəki balta ilə sonuncunun baş və boyun nahiyələrinə xəsarətlər yetirərək onu öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Firqət Məstiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.