Həmyerlilərimiz Moskva bələdiyyəsinin mükafatları uğrunda şahmat turnirinin qalibi olmuşlar
AzerTAg.az
Moskva, 3 noyabr (AZƏRTAC). Yeniyetmə həmyerlimiz, Moskvadakı 1104 nömrəli məktəbin 3-cü sinif şagirdi Nihad Gözəlov “Bələdiyyə idarəsinin mükafatları uğrunda” yaşıdları və yuxarı sinif şagirdləri arasında keçirilən rayon yarışlarında 10 yaşınadək oğlanlar arasında şahmat turnirinin qalibi olmuşdur. Onun Rusiya Elmlər Akademiyasının 182 nömrəli uşaq bağçasında tərbiyə alan altı yaşlı bacısı Əzizə Gözəl isə 10 yaşınadək qızlar arasında eyni şahmat turnirinin qalibi olmuşdur.
Turnir Moskva şəhərinin Konkovo rayon şəhərdaxili bələdiyyə təhsil idarəsi tərəfindən təşkil olunmuşdur.
Nihad və Əzizə rəqibləri üzərində gözəl qələbə qazanaraq birinci yerə çıxmış və fəxri fərmanlarla təltif edilmişlər. Konkovo rayonunun idman və asudə iş üzrə baş mütəxəssisi Lyudmila Şekurova balaca həmyerlilərimizə fəxri fərmanları təqdim edərkən Nihad Gözəlovu rayonun fəxri adlandırmışdır. O xatırlatmışdır ki, istedadlı şahmatçı Nihad çox perspektivli idmançıdır və bu il artıq Cənub-Qərb inzibati dairəsinin məktəbləri arasında keçirilmiş şahmat turnirində birinci yeri tutmuşdur. Şahmat müəllimləri və şahmat üzrə ekspertlər Nihad Gözəlovdan gələcəyin çempionu kimi danışır, onun təhliletmə bacarığını və riyazi qabiliyyətini yüksək qiymətləndirirlər. Nihad mütəxəssislərin ümidlərini doğruldur.
Qeyd etmək lazımdır ki, noyabrın 2-də şahmat üzrə Moskva təsnifat turniri də başa çatmışdır. Turnirdə Moskvanın hər yerindən 48 şahmatçı iştirak etmiş və Nihad yenə də birinci yeri tutaraq öz reytinqini 1474 xala (www.chessvdk.ru) çatdırmışdır. Bundan sonra Nihadı 2012-ci ilin fevralında keçiriləcək “Open Moscow” şahmat turnirində iştirak etməyə dəvət etmişlər. Əzizə isə ilk dəfə olaraq Moskva çempionatı çərçivəsində keçiriləcək 6 yaşınadək qızlar arasında eksperimental şahmat turnirində oynayacaqdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Xəbərin mətnində orfoqrafik səhv var