İDMAN
Henrik Karlsen: Tanrıya təşəkkür edirəm ki, dünya çempionunun atasıyam
Bakı, 1 may, AZƏRTAC
Şahmat üzrə dünya çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” superturnirinin qalibi Maqnus Karlsenin atası Henrik Karlsen AZƏRTAC-ın müxbirinə müsahibə verib.
- Maqnus Karlsen ilə müsahibədən sonra onun atası ilə söhbət etmək bizim üçün çox maraqlıdır. Oğlunuzun sizin həyatınıza təsiri çox olub?
- Daim diqqətdə olmağa öyrəşmişik. Əvvəllər balaca Maqnusa hamı adi şahmatçı kimi baxırdı. On üç yaşından etibarən - qrossmeyster olandan sonra ona diqqət artmağa başladı. Oğlum həmişə daha çox tanınıb. Mən bununla fəxr edirəm. Şahmatda mənə qalib gələn dostlarım hər yerdə deyirlər ki, Maqnusun atasını məğlub etmişik.
- Gəlin, ailənizdən danışaq. Neçə övladınız var?
- Həyat yoldaşım Siqrun Eendir. Bir oğlumuz və üç qızımız var. Maqnusun bacıları Ellen, İnqrid və Siqnedir. Böyük qızım Ellen də şahmat oynayır. Uşaqlıqda Maqnus məhz ona qalib gəlmək üçün şahmatla ciddi şəkildə maraqlanmağa başladı. Nəticədə altı aydan sonra artıq Maqnus bacısına rahatlıqla qalib gəlirdi. Yeddi yaşında isə məhəllədəki uşaqlara seans keçirdi.
- Oğlunuz neçə yaşından şahmatı öyrənməyə başlayıb?
- Maqnus beş yaşında olanda onda şahmata maraq yaratmağa çalışdım. Qısa zamanda fiqurları yadda saxladı. İlk illərdə xüsusi istedadı görünmürdü. Onu da deyim ki, heç vaxt onu şahmat öyrənməyə məcbur etməmişəm. Səkkiz yaşında artıq şahmat məktəbinə getməyə başladı. Bu yaşda olarkən bacılarını asanlıqla məğlub edirdi. Ona görə bacıları ilə oynamaq ona maraqsız idi. Maqnus çox vaxt evdə öz-özünə oynayırdı. Şahmatda özünə qarşı oynamaq çox maraqlıdır. Təsəvvür edirsiniz, sonda həm udursan, həm də uduzursan.
- Uzun illərdir sizi oğlunuzla birlikdə görürük. Demək olar ki, oğlunuzun ən yaxın köməkçisisiniz?
- Norveçdə neft sahəsində mühəndis işləyirdim. Bir neçə il əvvəl işimdən ayrılmağa məcbur oldum. Çünki Maqnusun 15 yaşından etibarən bütün səfərlərdə birlikdə oluruq. Hər zaman yanında olmaq istəyirəm. Uşaq olanda Maqnusa bütün məsələlərdə qərar qəbul etməkdə kömək edirdim. İndi vəziyyət fərqlidir. Oğlum artıq böyüyüb. Bütün qərarları şəxsən qəbul edir. Səfərlər zamanı bəzən məşqçilər, köməkçi, aşpaz ilə birlikdə gedirik. Onlar kimi mən də işçiyəm. Rəhbər Maqnusdur. Ailədə ata kimi bütün məsləhətlərimi dinləyir. Amma burada Maqnus rəhbərdir, mən isə onun işçisiyəm.
- Maqnus Karlsenin komandası neçə nəfərdən ibarətdir?
- Dəqiq cavab verməkdə çətinlik çəkirəm. Maqnus Şəmkirə atası, köməkçi-məşqçisi və aşpazı ilə gəlib. Komandanın tərkibi adətən turnirdən asılı olaraq dəyişir. Məsələn, dünya şahmat tacı uğrunda görüşə hazırlaşarkən komandamızda çalışan insanların sayı artır.
- Komanda üzvləri Maqnusa necə kömək edir?
- Mən, demək olar ki, 24 saat işləyirəm. Yarışlarla bağlı təqvimi, səfər vaxtlarını dəqiqləşdirirəm. Eyni zamanda, onun şirkətdəki işlərini aparıram. Kitablarının çap olunmasına nəzarət edirəm. Aşpaz səfər zamanı lazım olur. Bəzən bizə qərb mətbəxi təqdim edilir. O zaman Maqnusun aşpazı bizi alışdığımız yeməklə təmin edir. Amma evdə olduğumuz vaxt yeməyi anası hazırlayır.
- İki illik fasilədən sonra yenidən Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirdən dəvət gələndə oğlunuzun münasibəti necə oldu?
- Maqnus Şəmkir turnirini çox sevir. Çünki burada şahmat oynamaq üçün hər cür şərait var. Biz həmişə yarışlarda iştirakımızı bir neçə ay əvvəldən təsdiqləyirik. Bu dəfə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov əlaqə saxladı və bildirdi ki, turniri Maqnusa uyğun tarixlərdə keçirməyə çalışacaqlar. Nəticədə Şəmkir yarışında iştirakımız təsdiqləndi. Maqnus Şəmkir turnirlərində iştirak etdiyi illərdə həmişə qalib olub. Ona görə oğlum dəvəti məmnuniyyətlə qəbul etdi. Sadəcə, dünya çempionu olandan sonra təkliflər çoxalıb. Hətta bir il əvvəldən turnirlərə dəvət alırıq. Bu təkliflərin hamısı ilə razılaşmaq mümkün deyil.
- Maqnus Karlsenə başqa ölkənin idman şərəfini qorumaq təklif olunubmu?
- Belə məsələ heç vaxt olmayıb. Milli komandalar səviyyəsində o, həmişə Norveçin şərəfini qoruyub. İnanın, oğlum pul barədə düşünən insan deyil.
- Norveç daha çox qış idman növləri ilə tanınır. Bu mənada Maqnusun uğurları Norveçdə necə qarşılanır?
- Razıyam. Norveçdə hamı övladının qış idman növləri ilə məşğul olmasını istəyir. Amma Maqnus başqa yolu seçdi. Onun uğurları Norveçdə böyük qələbə kimi qarşılanır, şahmatın daha çox sevilməsinə təkan olur.
- Adətən idmançılar karyeralarını başa vurmazdan əvvəl bizneslə məşğul olurlar. Sirr deyilsə, Maqnusun hansı şirkətləri var?
- Bizim elə böyük işlərimiz yoxdur. Əsas gəlir mənbəyi, əlbəttə, şahmatla bağlıdır. Turnirlərdə mükafatları, sponsorlarla müqavilələri nəzərdə tuturam. Şahmatdan kənar “Play Magnus” adlı internet layihəmiz var. Telefona yükləyəndən sonra orada şahmatı öyrənmək mümkündür. Həmin proqramın əsas xüsusiyyəti ondan ibarətdir ki, siz orada Maqnusa qarşı oynaya bilərsiniz. Yaşı seçirsiniz və məsələn 7 yaşlı Maqnusa qarşı oynamaq olar. Yaxud, 11 yaşlı Maqnusla da qarşılaşmaq mümkündür. “Play Magnus” pulsuz yüklənən tətbiqdir. Əgər Maqnusa qarşı oynaya bilmirsənsə, onda kompüterdən kömək istəyirsən. Kömək ödənişlidir – cəmi 1 dollar. Hazırda təxminən 3 milyon insan “Play Magnus”dan istifadə edir.
- Maqnusun üç bacısı var. Amma ailədə Maqnus daha çox tanınır. Bacıları buna necə baxırlar?
- Normal. Mənim övladlarım çox mehribandırlar. Dörd-beş il əvvəl Maqnus Almaniyada özünü model kimi sınadı. İki müxtəlif şirkətin geyimini reklam etdi. Bax, onda bacıları onu qısqanırdılar. Deyirdilər ki, bu insan şahmatçıdır, model sahəsinə nə vaxt başladı?
- Oğlunuzun çoxlu pərəstişkarları var. Bəs sevgilisi?
- Bu barədə onun özündən soruşun. Şəxsi işlərinə qarışmıram, ona görə cavab verməkdə çətinlik çəkirəm.
- Maqnus özü də bu suala cavab vermədi...
- Yalnız deyə bilərəm ki, təxminən bir il əvvəl qız dostu var idi. Müəyyən müddət dostluq etdilər.
- Maqnus Karlsen hansı yeməkləri xoşlayır?
- Maqnus İtaliya mətbəxini çox sevir. Son illər Asiya yeməklərinə münasibəti yaxşı mənada dəyişib. Dadmağı xoşlayır.
- Oğlunuz “Real Madrid” klubunun azarkeşidir. Doğrudan, sevimli klubu uduzanda oyundan sonra Maqnusa yaxınlaşmaq məsləhət deyil?
- Adətən hisslərini özündə saxlayır. Heç kimə nümayiş etdirmir.
- Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess” turniri haqqında fikrinizi bilmək maraqlıdır.
- Yarış çox yüksək səviyyədə təşkil olunur. Buna görə təşkilatçılara təşəkkür etməyi özümə borc bilirəm. Digər tərəfdən, Şəmkir çox gözəl şəhərdir. Sakit şəhər həm də gözəl təbiətə malikdir. Maqnus adətən belə şəhərlərdə yarışda iştirak etməyi çox sevir. Tıxac yoxdur. Ən əsası, yarışın Vüqarın xatirəsinə həsr olunmasıdır. Çox sevinirəm ki, Azərbaycanda Vüqarın xatirəsi əbədiləşdirilir. Vüqar Həşimov böyük şahmatçı idi. Onun oyunları, tərbiyəsi çoxları üçün nümunədir. Vüqarı həmişə gülərüzlülüyünə görə xatırlayıram. O, uduzanda belə bu barədə hisslərini büruzə vermirdi. Qalib gələndə rəqibinə hörmətlə yanaşırdı. Maqnus da söyləyirdi ki, Vüqar onu çətinliyə salmağı bacaran şahmatçı idi.
- Berlində təşkil edilən iddiaçılar turnirini izləyirdinizmi?
- Sizə bir sirr söyləyəcəyəm. Ümid edirəm, müsahibəni Maqnus oxumayacaq. Səhv etmirəmsə, 2004-2005-ci illərdə gənclər arasında dünya çempionatı keçirilirdi. Orada gənc Şəhriyar gözəl oyun sərgilədi və birinci yeri tutdu. O vaxtdan etibarən Şəhriyar Məmmədyarova azarkeşlik etməyə başladım. Sözsüz ki, sonralar yalnız Maqnusun azarkeşi olmuşam. Berlindəki yarışa gəldikdə müəyyən partiyalara baxmışıq. Məmmədyarovun qalib gəlməyə şansları yüksək idi. Bir addım çatmadı, bununla belə, gələcəkdə o addımı atması üçün böyük potensialı var.
- Cənab Karlsen, ətraflı müsahibəyə görə təşəkkür edirəm.
- Sağ olun. Bildirmək istəyirəm ki, hər gün Tanrıya təşəkkür edirəm ki, oğlum 13 yaşında qrossmeyster olub və hazırda dünya çempionunun atasıyam. Maqnus hər il müxtəlif yarışlarda qələbə qazanır. Xoşbəxtlik üçün daha nə lazımdır? Özümü xoşbəxt hiss edirəm.