CƏMİYYƏT
Hər bir ov obyekti üçün ovlanma müddəti fərqlidir
Bakı, 27 fevral, AZƏRTAC
Ölkə ərazisində ov mövsümü hər il may ayının sonu və ya iyunun əvvəllərində açılır və növbəti ilin fevral-mart aylarınadək davam edir. Ov mövsümü ərzində Dağıstan turu, qaban, çaqqal, dovşan, qunduz və bir sıra su bataqlıq quşlarının - ağqaş və qırmızıdöş qaz istisna olmaqla qaz, qaşqaldaq, ağgöz qara ördək, göydimdik və mərmər cürə istisna olmaqla ördək və ağquyruq çökükburun, qırıldayan cüllüt, kiçik kronşnep və çöl haçaquyruq cüllütü istisna olmaqla cüllütkimilərin ovlanmasına icazə verilir. Lakin hər bir ov obyekti üçün ovlanma müddəti fərqlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.
Onun sözlərinə görə, Dağıstan turunun ovlanma müddəti mayın 26-dan oktyabrın 13-dək, qaban sentyabrın 15-dən dekabrın 22-dək, dovşan noyabrın 17-dən növbəti ilin yanvarın 12-dək, qunduz oktyabrın 6-dan növbəti ilin fevralına 16-dək, cüllüt sentyabrın 15-dən noyabrın 24-dək, alabaxta və bildirçin avqustun 24-dən noyabrın 17-dək, qaz, ördək, qaşqaldaq oktyabrın 13-dən növbəti ilin martın 16-dək. Çaqqal, yenot və qarğanın isə ovlanmasına ilboyu icazə verilir.
Departamentin rəhbəri ovçuların vəzifələri haqqında danışaraq deyib: "Ovçular ovu həyata keçirmək üçün müəyyən olunmuş qaydalara, normalara, limitlərə və müddətlərə əməl etməli, ov yerlərində ekoloji və sanitariya-gigiyena qaydalarına riayət etməli, ov yerlərində vəhşi heyvanların yaşayış mühitinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməməli, Azərbaycan Respublikası "Qırmızı kitab"ına daxil edilmiş və xüsusi mühafizə olunan vəhşi heyvan növlərinin mühafizə rejiminə əməl etməlidirlər.
Ov fəaliyyəti yalnız ovçuluq təsərrüfatlarında və xüsusi müəyyən olunmuş ov sahələrində aparılır. Lakin cəbhə bölgəsinə yaxın olan inzibati rayonların ərazilərində, eləcə də Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və digər yaşayış məntəqələrinin, həmçinin kurortların ətrafında 1.5-2 kilometrə qədər olan sahələrdə, xüsusi mühafizə olunan təbiət ərazilərində və onların sanitariya-mühafizə zonalarında qadağan edilir.
Ovçuların ov etmək hüququ isə ov icazəsinin vaxtı qurtardıqda, ovçuluq fəaliyyəti dayandırıldıqda, icazəsiz ov etdikdə, heyvanlar aləmindən xüsusi istifadə qaydalarını pozduqda məhdudlaşdırılır".