REGİONLAR
Hər kəs tətbiq olunan karantin rejiminə əməl etməklə öz təhlükəsizliyi ilə yanaşı, cəmiyyəti də qoruyur
Mingəçevir, 6 iyun, Rauf Hacıyev, AZƏRTAC
Azərbaycan Respublikasında koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə mart ayında Prezident İlham Əliyevin tapşırığı ilə tətbiq edilən xüsusi karantin rejimi müsbət nəticə verib. Pandemiyanın ilk günlərindən hökumətin qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Elə bu səbəbdən də karantin rejimindən mərhələli şəkildə çıxmağa başlanılıb. Ölkəmizdə pandemiya ilə mübarizə məqsədilə əhali arasında maarifləndirmə işlərinin aparılması, təhsil və tərbiyə ocaqlarının, idarə və müəssisələrin, parkların, küçələrin, yaşayış binalarının ümumi istifadə sahələrinin dezinfeksiya edilməsi, insanların sağlamlığının qorunması baxımından mühüm tədbirlərdir və bu, davam etməkdədir. Yaşı 65-dən yuxarı olan şəxslərin evdən çölə çıxmaması ilə bağlı qərarın verilməsi də böyüklərə göstərilən diqqət və qayğının bariz nümunəsi hesab edilə bilər.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında YAP Mingəçevir Şəhər Təşkilatı Qadınlar Şurasının sədri Nurcamal Əsgərova deyib.
Nurcamal Əsgərova bildirib ki, buna baxmayaraq, son zamanlar əhalinin böyük hissəsinin karantin rejiminə əməl etməməsinə görə virusa yoluxanlar və sağalanlarının sayında yaranmış fərq karantin rejimini yenidən sərtləşdirməyə zərurət yaradıb. Hökumətin qəbul etdiyi qərar, həftə sonları tam qapanma vətəndaşların sağlamlığını qorumaq məqsədi daşıyır.
Mingəçevir şəhərində izolyasiya tədbirləri davamlı olaraq yerinə yetirilir. Dezinfeksiya işlərinin mütəmadi aparılması əhali tərəfindən razılıqla qarşılanır, bu, həm də antisanitariyanın qarşısını alır. Vəziyyətin ciddiliyi, yəni pandemiya təhlükəsinin artmaması üçün şəhər sakinləri son günlərdə sağlamlıqları üçün tibbi maskalardan daha çox istifadə edirlər. Banklarda, poçt şöbələrində, ərzaq mağazalarında, digər xidmət mərkəzlərində, ümumiyyətlə bütün ticarət obyektlərində, bazarda vətəndaşların böyük əksəriyyətinin maska ilə gəzdiyi müşahidə olunmaqdadır.
Tətbiq olunan rejimə əməl etməklə hər kəs öz təhlükəsizliyini, eyni zamanda, cəmiyyəti qoruyur. Ölkəmizdə bir çox müəssisə və təşkilatların fəaliyyəti bərpa edilib. Yəni, həyat davam edir. Azərbaycanda abadlıq-quruculuq işləri genişlənir, parklar salınır, sənaye müəssisələri, xidmət sahələri, idman sağlamlıq mərkəzləri, məktəblər, səhiyyə ocaqları inşa olunur. Mingəçevirdə də genişmiqyaslı abadlıq-quruculuq işləri görülür. Yollar genişlənir, park və istirahət mərkəzlərində yeni yaşıllıq sahələri salınır, uşaq əyləncə mərkəzləri, idman qurğuları quraşdırılır.
“Bu yaxınlarda müxtəlif bölgələrdə yeni xidmət sahələrinin açılış mərasimlərində iştirak edən dövlət başçısı vətəndaşları diqqətli və ehtiyatlı olmağa səsləyib. İyunun 3-də Tərtər rayonunda Dövlət Rəmzləri Muzeyinin açılış mərasimində iştirak edən Prezident İlham Əliyevin tibbi maskadan istifadə etməsi hər kəs üçün nümunə olmalıdır. Operativ Qərargahın qərarlarına əsasən tətbiq edilən rejimə ciddi əməl edilməlidir. Bu, hər kəs üçün vacibdir. Sağlamlığımız və dövlətimizə etimadımız öz əlimizdədir”, - deyə o bildirib.