ELM VƏ TƏHSİL
Hər məktəb üçün yüz min manatlıq qrant imkanı
Bakı, 1 mart, AZƏRTAC
Cari il üçün elan edilmiş təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi ilə əlaqədar maarifləndirici görüş təşkil olunub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 42 nömrəli tam orta məktəbdə keçirilən görüşdə idarənin əməkdaşları, məktəb direktorları və müəllimlər iştirak ediblər.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə Təhsil Nazirliyi tərəfindən elan olunmuş müsabiqəyə dövlət ümumi təhsil müəssisələri və müvafiq təhsil ocaqlarında çalışan pedaqoji işçilərin qatıla biləcəyi diqqətə çatdırılıb. Doqquz mövzu üzrə təşkil olunan müsabiqədə iştirak üçün www.grants.edu.az saytında qeydiyyatdan keçmək və müvafiq sənədləri sistemə yükləmək lazımdır. Ümumtəhsil müəssisələri və pedaqoji işçilər müsabiqəyə yalnız bir layihə təqdim edə bilərlər. Hər iki kateqoriya üzrə layihələrin icra müddəti 3-12 aydır. Fevralın 14-dən martın 5-dək qəbul edilən layihələrin icrasına aprelin 15-dən başlanılacaq. Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ ümumi təhsil müəssisələri kateqoriyası üzrə yüz min, fərdi kateqoriya üzrə on min manatdan çox olmamalıdır.
Görüşün sonunda məktəb direktorlarını və müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsinin əsas məqsədi təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdır.