REGİONLAR
Hərbçi olmaq istəyirdi, amma ən böyük xidmətini Vətən müharibəsində göstərib tarix yazdı VİDEO
İmişli, 9 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Vətən müharibəsində tarix yazıb şəhidlik zirvəsinə yüksələn qəhrəman övladlarımızdan biri də Əyyub Süleymanovdur. Yaşasaydı bu gün 20 yaşı tamam olacaqdı...
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Əyyub Vətən müharibəsinin ən gənc şəhidlərindəndir. O, müddətli həqiqi hərbi xidmətini başa vurmağa üç gün qalmış müharibəyə qatılıb. Özü də yaxınlarının doğma el-obalarından məcburi köçkün düşdüyü Cəbrayıl rayonundan. Bu istiqamətdə döyüşdüyünü isə ailəsinə, yalnız Cəbrayıl işğaldan azad olunduqdan sonra deyib, həm də müjdəli xəbəri çatdırıb.
Şəhidin anası Şüşən Əsədova deyir ki, Əyyub çox vətənpərvər uşaq idi: “Uşaqlığından balaca taxtalardan silah düzəldər, yaşıdları ilə döyüş səhnəsi qurub oynayırdılar. Gəncədə N saylı hərbi hissədə nümunəvi xidmət etmişdi. Oradan bizə təşşəkkür məktubu göndərmişdilər. Sonra fəxri fərman vermişdilər. Deyirdi ki, ana, sizi həmişə başı uca edəcəyəm. Sevinirdi ki, görmədiyi dədə-baba torpaqlarının işğaldan azad olunmasında onun da payı var”.
Əyyub Süleymanovun ailəsi Cəbrayıl rayonunun Qumlaq kəndindəndir. Özü isə İmişli rayonunda dünyaya göz açıb. Məcburu köçkün həyatının acılı-ağrılı günlərini görüb, yurd həsrəti ilə yaşayıblar. Əyyubun ən böyük arzusu hərbçi olmaq, torpaqlarımızın keşiyində durmaq idi. Onun bu arzusu çin oldu. O, Cəbrayıldan sonra Qubadlının və Laçının azadlığı uğrunda da döyüşlərdə iştirak edib. Laçının Güləbürd kəndi uğrunda gedən döyüşlərdə isə şəhidlik zirvəsinə ucalıb.
Şəhidin atası Rasim Süleymanov söyləyir ki, Əyyub müharibənin başlanmasını, torpaqlarımızı düşməndən azad etməyi arzulayır, bu istəklə yaşayırdı. “Laçın istiqamətində gedən döyüşlərdə yaralanmışdı. Buna baxmayaraq, yarasını sarıtdırıb, yenidən döyüşlərə qatılıb. Ondan bir neçə gün sonra şəhid olub. Arzu edirdi ki, hərbi vəzifəyə yiyələnib ölkəmizə xidmət etsin... Amma o, ən böyük xidmətini Vətən müharibəsində göstərdi. Oğlumla fəxr edirəm, tarix yazdı, torpaqlarımız düşmən tapdağından azad olundu”, - deyə o bildirir.
Əyyub ön sırada döyüşməyə də könüllü yollanıb. Onun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. Ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Bacısı Gülnurə deyir ki, bir bacı üçün qardaş dünyada hər şeydən əzizdir: “Biz təkcə bacı-qardaş deyildik, həm də sirdaş idik. Döyüşçü yoldaşlarından qardaşımın qəhrəmanlığı, mərdliyi haqqında eşidəndə bir bacı kimi fərəhlənirəm, qürur duyuram. Fəxr edirəm ki, mənim elə bir igid qardaşım olub”.
Şəhidimizin ən böyük arzularından biri də Şuşanın azad olunmasında iştirak etmək idi. Üzərində üçrəngli dövlət bayrağımızı da gəzdirirmiş ki, Şuşada hündür bir yerə sancsın. Amma bu, ona qismət olmadı. Əyyubun bu arzusunu döyüş yoldaşları gerçəkləşdirdi. Onun ruhu şaddır. Bu gün nəinki Şuşada, Laçında, eləcə də işğaldan azad olunan bütün torpaqlarımızda şanlı Azərbaycan bayrağı dalğalanır.