CƏMİYYƏT


Hərbi cinayətlərdə ittiham olunan erməni hərbçilərlə bağlı məhkəmədə 45-dən çox yerli və xarici KİV nümayəndəsi iştirak edib

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Baş Prokurorluğu Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilərlə bağlı cinayət işi üzrə başlanmış məhkəmə prosesi barədə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilib ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələrinin üzvləri, Ermənistan Respublikasının vətəndaşları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətməsi və digər faktlara görə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

Belə ki, Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113-cü (işgəncə), 115.2-ci (müharibə qanunlarını və adətlərini pozma), 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mayın 20-də iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

İyunun 2-də Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə hakimlər Rafiq Abbasov və Camal Ramazanovdan ibarət tərkibdə, dövlət ittihamını müdafiə edən - Azərbaycan Respublikası Baş prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi Mahir Abbasovun iştirakı ilə Ermənistan Respublikasının vətəndaşları - Mkrtiçyan Lüdvik Mkrtiçoviçin və Xosrovyan Alyoşa Aramaisoviçin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin hazırlıq iclası keçirilib.

İclasda cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən tərcüməçilərin iştirakı təmin edilib.

Eyni zamanda, hazırlıq iclasında 45-dən çox yerli və xarici kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, beynəlxalq statuslu nümayəndələr, eləcə də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva iştirak ediblər.

Həmçinin təcili tibbi yardım heyətinin iştirakı da təmin olunub.

Hazırda cinayət işi üzrə digər şəxslərin cinayətkar əməllərinin ifşa edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində kompleks tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.