ORDU
Hərbi hissələrdə psixoloji işə dəstək və maarifləndirmə tədbirləri keçirilir
Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi müvafiq təlimata əsasən, Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə psixoloji işə dəstək və maarifləndirmə tədbirləri aparılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi hissələrin psixoloqları və şəxsi heyətlə iş üzrə zabitləri gənc əsgərlərin xidmətə adaptasiya olunması, onların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi ilə bağlı görüşlər keçirir, müvafiq tövsiyələr verir, yeni üsulların tətbiqinə dair maarifləndirmə işləri yerinə yetirirlər.
Tədbirlərdə hərbi qulluqçuların psixoloji vəziyyətlərinin qiymətləndirilməsi, hərbi kollektivlərdə sosial-psixoloji proseslərin öyrənilməsi və s. mövzularda praktiki məşğələlər keçirilir, eləcə də gənc əsgərlərlə psixoloji maarifləndirmə mövzusunda söhbətlər aparılır.