CƏMİYYƏT


Hərbi sahədən yazan jurnalistlərin bir qrupu cəbhəboyu zonada olub

Bakı, 23 sentyabr, Məhərrəm Əlioğlu, AZƏRTAC 

Müdafiə Nazirliyinin dəstəyi, “Dinc Dünya” Araşdırma Mərkəzinin nəzdində fəaliyyət göstərən Konflikt Jurnalistikası Məktəbinin (KJM) təşəbbüsü ilə hərbi sahədən yazan jurnalistlərin bir qrupu sentyabrın 21-22-də cəbhəboyu rayonlara səfər edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə jurnalistlərin Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov ilə görüşü olub.

Görüşdə E.Hüseynov Ermənistanın ölkəmizə qarşı təcavüzü, münaqişənin tarixi kökləri, Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi, həyata keçirilən soyqırımı və etnik təmizləmə aktları, Dağlıq Qarabağ ərazisində azərbaycanlılara qarşı törədilmiş erməni vəhşilikləri, münaqişənin müharibəyə çevrilməsi mərhələləri barədə ətraflı məlumat verib. O, 2016-cı ildə Aprel döyüşlərində düşmən üzərində qazanılan tarixi qələbənin əhəmiyyətindən danışıb, ordumuzun daha böyük zəfərlər qazanacağına əminliyini ifadə edib.

İcra başçısı jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Sonra jurnalistlər ön xətdəki N saylı hərbi hissə ilə tanış olublar.

Jurnalistlərə hərbi hissənin tarixi, keçdiyi döyüş yolu, burada yaradılan xidməti və sosial-məişət şəraiti barədə məlumat verilib. KİV nümayəndələri əsgər yataqxanaları, tibb məntəqəsi, ideoloji otaq, məişət otağı, yeməkxana, hamam, əşya anbarı, avtopark və döyüş texnikası üçün saxlanclar, bölmələrin istifadəsindəki döyüş texnikaları və silahlara baxış keçirib, şəxsi heyətin həyat və məişət şəraiti ilə maraqlanıblar.

Səfər çərçivəsində Ağdam rayonuna gələn jurnalistlər Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyini ziyarət ediblər.

Muzeyin direktoru Sahib Məmmədov bildirib ki, muzey Ağdam rayonunun cəbhə xəttində yerləşən Mahrızlı kəndində fəaliyyət göstərir. Əsasən Qarabağ döyüşlərində şəhid olmuş Vətən övladlarına aid eksponatların sərgiləndiyi muzey ziyarətçilərin böyük marağına səbəb olub. Muzey 1990-cı ildə Mahrızlı kənd sakini Rahib Məmmədovun şərəfinə yaradılıb.

Qeyd edilib ki, Rahib Məmmədov 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub. Ölümündən sonra “Qırmızı Ulduz” ordeninə layiq görülüb. Əvvəllər yalnız R.Məmmədovun şəxsi əşyalarının nümayiş olunduğu muzeydə hazırda iki minə yaxın eksponat sərgilənir. Onların əksəriyyəti 1992-1994-cü illərdə Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarına məxsus geyim, foto və digər əşyalardır. Buradakı “Vətən fədailəri”, “Rahib Məmmədov”, “20 Yanvar” guşələri, Azərbaycanın Milli qəhrəmanlarının şəkilləri, kitab, qəzet və jurnallar, şəhidlərə məxsus müxtəlif əşyalar, geyimlər, bədənlərindən çıxarılmış güllə və mərmi qəlpələri, 1992-ci ildə yaralı əsgərlərimizin daşındığı xərək, düşmən tərəfindən atılmış top mərmisi və digər eksponatlar ziyarətçilər tərəfindən böyük maraqla qarşılanır.

Buranı digər muzeylərdən fərqləndirən amil eksponatların əksəriyyətinin özünəməxsus tarixçəsinin olmasıdır. Məsələn, burada nümayiş olunan əsgər çəkmələri Qarabağ döyüşlərində şəhid olan Samir Abdinova məxsusdur. O, Xocalı faciəsi zamanı mühasirədə olan sakinləri xilas edərkən çəkmələrini soyuqdan donmaqda olan Elyana Hümbətovaya geyindirib. Sonradan E.Hümbətova həmin çəkmələri muzeyə təqdim edib.

Hərbi sahədən yazan jurnalistlər səfər çərçivəsində cəbhəyanı kəndlərdə əhalinin yaşayışı, rayon ərazisində aparılan tikinti-quruculuq işləri ilə də tanış olublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.