REGİONLAR
“Hərəyə bir şəhid övladı sevindirək” layihəsi uğurla davam edir
Xırdalan, 18 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron Rayon İcra Hakimiyyətinin həyata keçirdiyi “Hərəyə bir şəhid övladı sevindirək” layihəsi uğurla davam edir. Belə ki, bayram ərəfəsində daha bir şəhid övladı sevindirilib.
Abşeron Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, rayon ərazisində yaşayan şəhid ailələrinə böyük diqqət və qayğı göstərilir, onların övladlarına fərdi yanaşılaraq istək və arzuları dinlənilir. Layihə çərçivəsində şəhid İşiyev Rəfael Əhmədağa oğlunun həyat yoldaşı Sevda İşiyeva ilə əlaqə saxlanılıb, övladı Hüseynin istəkləri öyrənilib. Qəhrəmanımızın oğlunun mobil telefon istədiyi müəyyən edilib. Hüseynin istəyi ilə ona Samsung-A52 mobil telefonu təqdim edilib. Bu nəcib işdə Xırdalan şəhər 27 nömrəli körpələr evi-uşaq bağçasının və Xırdalan şəhər 24 nömrəli körpələr evi-uşaq bağçasının kollektivləri iştirak ediblər.
Şəhidin həyat yoldaşı Sevda İşiyeva göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib. Bu layihə ilə uşaqların sevindirildiyini qeyd edərək həyata keçirilən müsbət əməlin əhəmiyyətindən danışıb.
Qeyd edək ki, gizir Rəfail İşiyev 1979-cu il sentyabrın 4-də Cəlilabad şəhərində müəllim ailəsində anadan olub. 1996-cı ildə Cəlilabad şəhər 8 nömrəli məktəbi bitirərək hərbi xidmətə yollanıb. R.İşiyev 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub. 2-ci Qarabağ müharibəsində mübarək qanı ilə tarix yazanlardan biri olmağı bacarıb. Noyabrın 3-də Xocavənd istiqamətində gedən döyüşlərdə böyük şücaət və qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.
Hərbi xidməti dövründə xüsusi keyfiyyətlərinə, əməliyyatlarda göstərdiyi şücaətə görə bir çox medallarla təltif olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə R.İşiyev “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalına” layiq görülüb.