İQTİSADİYYAT
Hesablama Palatası INTOSAI-ın Maliyyə auditi və mühasibatlıq üzrə alt komitəsinə qəbul edilib

Bakı, 5 mart, AZƏRTAC
Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti sahəsində fəaliyyət göstərən xarici Ali Audit Qurumları (AAQ) və bu qurumları birləşdirən beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini genişləndirmək istiqamətində növbəti addım olaraq INTOSAI-ın Maliyyə auditi və mühasibatlıq üzrə alt komitəsinə (FAAS) müşahidəçi qismində qəbul edilib.
Palatadan AZƏRTAC-a bildirilib ki, INTOSAI-ın Maliyyə auditi və mühasibatlıq üzrə alt komitəsi ilkin olaraq 2002-ci ildə maliyyə auditi təlimatlarının hazırlanması üçün Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) ilə əməkdaşlığın yaradılması məqsədilə İşçi Qrup kimi fəaliyyətə başlayıb, 2005-ci ildən etibarən Maliyyə auditi üzrə alt komitə olub. 2016-cı ildə INTOSAI-ın Mühasibatlıq və hesabatlılıq üzrə alt komitəsi ilə birləşən alt-komitə hazırda Maliyyə auditi və hesabatlılıq üzrə alt komitə adlanır. Alt komitənin qəbul edilmiş qaydalarına əsasən, tam üzvlərinin sayı 15 AAQ olaraq müəyyən edilib və tam və ya müşahidəçi qismində yeni üzvlərin qəbul edilməsi zamanı qurumun maliyyə auditi sahəsində geniş təcrübəsi əsasında alt komitəyə mühüm töhfələr verməsi nəzərə alınır. Bununla belə, Beynəlxalq Audit və Əminlik Standartları Şurası (IAASB), Beynəlxalq Dövlət Sektoru Mühasibatlıq Standartları Şurası (IPSASB), INTOSAI İnkişaf Təşəbbüsü (IDI) kimi nüfuzlu beynəlxalq təşkilatlarla yanaşı, yalnız İrlandiya, Latviya və Azərbaycan AAQ-ları qurumda müşahidəçi qismində çıxış edir. Quruma Birləşmiş Ərəb Əmirliklərinin Dövlət Audit Qurumu sədrlik edir. Hesablama Palatası yeni üzv qismində martın 10-da Beynəlxalq Audit və Əminlik Standartları Şurası ilə yeni standartın hazırlanması üzrə müzakirəyə qoşulacaq.