İQTİSADİYYAT
Hesablama Palatası beynəlxalq toplantıda təmsil olunub
Bakı, 25 noyabr, AZƏRTAC
Audit Orqanlarının Beynəlxalq Təşkilatı olan INTOSAI-ın Uyğunluq Auditi üzrə Alt-komitəsinin 17-ci illik toplantısı komitənin katibliyi olan Hindistan baş auditor və müfəttiş ofisinin təşkilatçılığı ilə videoformatda keçirilib.
Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, toplantıda Hindistan, Azərbaycan, Braziliya, Qətər Dövləti, Meksika, Rusiya Federasiyası, Çin, Norveç ali audit qurumlarının (AAQ), həmçinin INTOSAI-ın İnkişaf Təşəbbüsünün, Avropa Auditorlar Məhkəməsinin və AFROSAI–E-nin nümayəndələri iştirak ediblər.
Toplantıda Hesablama Palatasını auditor Cəfər Həsənov, Dövlət investisiyalarının auditi şöbəsinin aparıcı məsləhətçisi Nəzrin Zeynalova və Beynəlxalq əməkdaşlıq və IT şöbəsinin məsləhətçisi Nərminə İsayeva təmsil ediblər.
Açılış nitqi ilə çıxış edən Hindistan AAQ-ın nümayəndəsi alt komitənin ali audit qurumlarının fəaliyyətində rolunu, TAİ (Şəffaflıq, Hesabatlılıq və Əhatəlilik) audit təşəbbüsünün əhəmiyyətini vurğulayaraq toplantının işinə uğurlar arzulayıb, nümayəndələrin öz fəal iştirakı ilə toplantıya töhfə verəcəyinə inandığını bildirib.
Tədbirdə Azərbaycan, Braziliya, Çin, Norveç, Hindistan AAQ-larının, Avropa Auditorlar Məhkəməsi nümayəndələrinin “COVID-19-un uyğunluq auditi perspektivindən təsirlərinin auditi” mövzusunda təqdimatları dinlənilib və fikir mübadiləsi aparılıb.
INTOSAI-ın İnkişaf Təşəbbüsünün nümayəndəsi COVID-19-un təcili maliyyələşdirilməsinə və uyğunluq auditi üzrə alt komitə ilə əməkdaşlığa dair TAİ Audit Təşəbbüsü barədə təqdimatla çıxış edib və üzv AAQ-ların mövzu barədə suallarını cavablandırıb.
Hesablama Palatasının auditoru C.Həsənov çıxışında son zamanlar pandemiyanın səbəb olduğu problemlərdən söz açıb, hökumət tərəfindən görülən tədbirləri və alınmış nəticələri, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində, eyni zamanda, xüsusi karantin dövründə işə davamiyyətlə bağlı qəbul edilmiş qərarları qeyd edib.
Bundan başqa, auditor 2020-ci il sentyabrın 27-də Ermənistan tərəfinin Azərbaycanla təmas xəttinin iki istiqamətində təxribat həyata keçirməsi və düşmən ölkənin yeni ərazilərin işğal olunması arzusunu reallaşdırmaq istəyinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusu tərəfindən əks-hücum əməliyyatlarına başlanılması, aparılan uğurlu əməliyyatların və Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq noyabrın 10-da Azərbaycanın Qələbəsi ilə nəticələnən bəyanat imzalanması barədə məlumat verib. O, 44 gün davam etmiş müharibə ərzində Ermənistan silahlı qüvvələrinin münaqişə zonasından çox uzaqda yerləşən yaşayış məntəqələrini hədəfə almasının düşmən ölkənin terrorçu mahiyyətini və Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasını nümayiş etdirdiyini deyib.
Toplantı müzakirələr və sorğu-sual şəklində davam edib.