İQTİSADİYYAT
Hesablama Palatasında bir sıra nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclasında həyata keçirilmiş bir sıra nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub. Dövlət büdcəsindən Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinin və dövlət rüsumlarının tutulmasına dair; "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin meliorasiya, mexaniki suvarma və qış otlaqlarının su təminatı sistemlərinin istismarı idarələrinin funksional fəaliyyətinin, ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və xərclərin icrasının təhlilinə dair; "Sosial müavinət, kompensasiya və təqaüdlərin təminatının mövcud vəziyyətinin təhlili və səmərəliliyinin müəyyən edilməsinə dair; dövlət büdcəsindən "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair; dövlət büdcəsindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair hesabatlar dinlənilib.
Hesablama Palatasından AZƏRTAC-a bildiriblər ki, iclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.
İclasda aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin Hesablama Palatasının iş planında nəzərdə tutulmuş nəzarət tədbiri ilə bağlı proqram təsdiqlənib.