İQTİSADİYYAT
Hesablama Palatasında nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub
Bakı, 26 aprel, AZƏRTAC
Hesablama Palatasının növbəti kollegiya iclasında Azərbaycan Tibb Universiteti üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrasına dair, dövlət büdcəsindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair, Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin icrası haqqında illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının rəyinə dair, “Dövlət büdcəsindən Bakı Şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.
Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.
İclasda aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin Hesablama Palatasının iş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar təsdiq olunub. Kollegiya iclasında, həmçinin Bişkek, Moskva, Tallinn və Romada keçirilən tədbirlərdə palata əməkdaşlarının iştirakı barədə məruzələri dinlənilib.