İQTİSADİYYAT
Hesablama Palatasının əməkdaşları Batumidə təlimdə iştirak ediblər
Bakı, 17 sentyabr, AZƏRTAC
Hesablama Palatasının İqtisadi sahələrin auditi şöbəsinin sektor müdiri Siyavuş Mustafayev, İcmal-analitik şöbənin böyük məsləhətçisi Ehtina Bəşirov və Beynəlxalq əməkdaşlıq və informasiya texnologiyaları şöbəsinin məsləhətçisi Nərminə İsayeva Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə Batumidə “BMT-nin 2030 gündəliyinin məqsədlərinə nail olunmasına nəzarət etmək üçün Şərq Tərəfdaşlıq ölkələrinin Ali Audit Qurumlarının potensialının gücləndirilməsi” layihəsi çərçivəsində “Səmərəlilik auditi” mövzusu üzrə təlimdə iştirak ediblər.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimlər 4 gün ərzində Gürcüstan Dövlət Audit Ofisinin Müdafiə sahəsində ictimai asayiş və təhlükəsizliyin auditi şöbəsinin müdiri Sofo Dvalişvili tərəfindən keçirilib.
Tədbirin ilk günü iştirakçılar təmsil etdikləri qurum barədə məlumat verdikdən sonra təlimçi səmərəlilik auditi və ISSAI 3000 barədə danışıb, səmərəlilik auditi ilə digər audit növləri arasındakı fərq, səmərəlilik auditinin 3 əsas prinsipi, audit mövzuları və dəqiq audit probleminin müəyyənləşdirilməsi üçün istifadə edilən “Problem ağacı”nı izah edib.
Təlimdə səmərəlilik auditinin metodları, məlumat təhlili, audit tövsiyələri barədə məlumat verilib, iştirakçılar tərəfindən qrup şəklində müxtəlif tapşırıqlar yerinə yetirilmiş, o cümlədən audit meyarı müəyyən edilmiş və matriks nümunəsi hazırlanıb, eləcə də təqdim edilmiş audit tövsiyələrinin zəif cəhətləri müəyyənləşdirildikdən sonra yenidən tərtib edilib. Bundan başqa, müxtəlif sahələrdə Gürcüstan ali audit qurumları tərəfindən aparılmış səmərəlik auditlərindən nümunələr təqdim edilib və bu auditlərdə müəyyən edilən əsas tapıntılar barədə müzakirələr aparılıb.