İQTİSADİYYAT
Hesablama Palatasının sədri beynəlxalq paralel səmərəlilik auditinin ilkin nəticələrinə dair Kiyevdə keçirilən tədbirdə iştirak edib
Bakı, 11 oktyabr, AZƏRTAC
Oktyabrın 10-da Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə Ukraynanın paytaxtı Kiyevdə BMT-nin 2030-cu il Gündəliyinin Nailiyyətlərinə Nəzarət üçün Şərq Tərəfdaşlığı ölkələrində Ali Audit Qurumlarının (AAQ) Potensialının Gücləndirilməsi layihəsi nəzdində paralel səmərəlilik auditlərinin aparılması və bu istiqamətdə ikitərəfli əməkdaşlıq əlaqələrinin gücləndirilməsi üzrə toplantı keçirilib. Toplantıda Azərbaycanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Palatadan AZƏRTAC-a bildirilib ki, layihənin açılış mərasimində Ukrayna Hesablama Palatasının sədri Valeriy Patskan, Azərbaycan Respublikası Hesablama Palatasının sədri V.Gülməmmədov, Gürcüstanın Baş auditoru Erekle Mekvabişvili, Belarusun Dövlət Nəzarət Komitəsi sədrinin müavini Aleksandr Kurlypo, GIZ-in layihə menecerləri İnqa Sinijkaşvili və Tomas Meyer çıxış ediblər.
Tədbirdə əsas mövzulardan biri olaraq vərəmin qarşısının alınması və müalicəsinə dair paralel auditin keçirilməsi müəyyən olunub, bu mövzu üzrə GIZ-in eksperti İrakli Tsitsilaşvili “Beynəlxalq paralel səmərəlilik auditinin keçirilməsi ilə bağlı əməkdaşlıq barədə” ümumi mövqe sənədinə dair təqdimatla çıxış edib. Daha sonra Azərbaycan Respublikası Hesablama Palatasının sektor müdiri Ceyhun Şıxəliyev vərəmlə mübarizə və müalicəsinin beynəlxalq paralel səmərəlilik auditinin keçirilməsi üzrə Azərbaycan tərəfinin ilk nəticələrini təqdim edib və intensiv diskussiyalarda verilmiş sualları cavablandırıb.
Tədbirdə bir daha mövzunun əhəmiyyəti və aktuallığı qeyd olunaraq vərəmin qarşısının alınması və müalicəsinə dair paralel auditin nəticələrinin iştirakçı ölkələrin AAQ-larının iştirakı ilə Şərq Tərəfdaşlıq ölkələrində səhiyyə sistemində aparılacaq islahatlarda, həmçinin 3-cü Dayanıqlı İnkişaf Məqsədinin (Sağlamlıq və Rifah) INTOSAI-ın 2017-2022-ci illər üzrə Strateji Planına uyğun icrasının monitorinqi və təsdiqində istifadə ediləcəyi vurğulanıb.
Tədbirinin növbəti mərhələsi kimi nümayəndə heyətlərinin rəhbərlərinin Ukraynanın Ali Radasının spikeri Dmitriy Razumkov ilə görüş keçirilib. Görüş zamanı Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin Ali Audit Qurumları timsalında kənar dövlət maliyyə nəzarəti funksiyası üzrə məsul qurumların rolu və əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.