İQTİSADİYYAT
Həyat sığortasının vətəndaşlar və dövlət üçün yaratdığı imkanlar müzakirə edilib
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə həyat sığortası istiqamətində işçi qrupunun görüşü keçirilib.
ASA-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə həyatın yığım sığortası ilə vətəndaşlara vergi və məcburi dövlət sosial sığorta sahəsində nəzərdə tutulan imtiyazlar, onun həm vətəndaşlar, həm də dövlət üçün yaratdığı imkanlar qeyd edilib və bu barədə müzakirələr aparılıb. "Sosial sığorta haqqında" Qanuna təklif edilən düzəlişlər, onun sığorta bazarında doğuracağı nəticələr, üstünlüklər və çatışmazlıqlar barədə fikir mübadiləsi aparılıb.
İşçi qrup tərəfindən Qanuna dəyişikliklə əlaqədar məsələnin hərtərəfli araşdırılması, beynəlxalq təcrübənin öyrənilməsi və bununla bağlı müvafiq orqanlara müraciət edilməsi qərara alınıb.
Qeyd etmək lazımdır ki, 1997-ci il "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanuna 2005-ci il oktyabrın 21-də edilmiş dəyişikliyə uyğun olaraq 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə sığortaedənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığortahaqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığortalıya ödənilən hər hansı məbləğlər məcburi dövlət sosial sığorta haqqından azaddır.
Azərbaycan Respublikası Vergi Məcəlləsinə 2009-cu il iyulun 19-da edilmiş dəyişikliyə müvafiq olaraq 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər gəlir vergisindən azaddır.