MƏDƏNİYYƏT


Heydər Əliyev Fondu Hannover və Düsseldorf şəhərlərində Azərbaycan mədəniyyətini təqdim edəcək

Bakı, 27 oktyabr, AZƏRTAC

Oktyabrın 28-də Almaniyanın Hannover şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti günü keçiriləcək.

Heydər Əliyev Fondundan AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində izləyicilər “Azərbaycanda alman izləri” fotosərgisi və “Almaniya bir rəssamın gözü ilə” müsabiqəsinin qaliblərinin rəsm əsərlərindən ibarət ekspozisiya ilə tanış ola biləcəklər.

Daha sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin konserti olacaq. Fuad İbrahimovun dirijorluğu ilə keçəcək konsertdə milli və klassik musiqilər səsləndiriləcək.

Həmin gün qonaqlara Heydər Əliyev Fondunun yeni nəşri olan “Azərbaycanda alman izləri” kitabı da təqdim olunacaq. Almaniyalı professor, doktor Eva Maria Auxun müəllifi olduğu kitabda almanların Azərbaycanda məskunlaşması tarixi baxımdan şərh edilib, elmi faktlar, xəritələr, fotolar öz əksini tapıb.

Fondun qeyd olunan nəşri, eyni zamanda Azərbaycan incəsənəti nümunələri noyabrın 4-də Düsseldorf şəhərində təşkil olunacaq tədbirdə də təqdim ediləcək. Həmin gün, həmçinin Düsseldorf Şauşpilhaus konsert zalında Elçin Şirinovun caz qrupunun konserti olacaq. Konsertdə tamaşaçılar caz improvizasiyaları ilə yanaşı, ud və balabanda milli musiqilərimizi də dinləyə biləcəklər.

Bu ərəfədə Almaniya mətbuatı Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçiriləcək tədbirlərdən yazıb. Ölkə mediasında yayılan materiallarda mədəniyyət günləri barədə geniş məlumat verilir.

Qeyd edilir ki, Dövlət simfonik orkestri Hannover Konqres Mərkəzində Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərini ifa edəcək. Eyni zamanda, bu tədbirlər Azərbaycan incəsənəti, rəssamları ilə yaxından tanışlıq imkanı yaradacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.