CƏMİYYƏT
Heydər Əliyev Mərkəzindən COVID-19-un geniş yayıldığı ölkələrə dəstək VİDEO
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycanın koronavirus (COVID-19) pandemiyasının geniş yayıldığı ölkələrlə həmrəyliyinin rəmzi olaraq Heydər Əliyev Mərkəzinin binası üzərində videoproyeksiya təqdim edilib.
AZƏRTAC xəbər verir ki, aprelin 3-də Mərkəzin binası üzərində Çin Xalq Respublikasının bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə proyeksiya olunub. Xatırladaq ki, bu gün pandemiya qurbanlarının xatirəsinə ehtiram olaraq Çində matəm elan edilib.
COVID-19 pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq hər gün virusdan zərər çəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdiriləcək. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.
Mərkəzin binası üzərində proyeksiya hər gün saat 20:00-dan gecə saat 00:00-dək davam edəcək.