İQTİSADİYYAT


Heydər Əliyev adına Neft Emalı Zavodunda 4 yeni qurğuda istismara hazırlıq işləri başlayır

Bakı, 29 noyabr, AZƏRTAC

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) modernizasiyası layihəsi çərçivəsində yaxın iki ay ərzində 4 yeni qurğuda istismara hazırlıq işləri başlayacaq.

AZƏRTAC xəbər verir ki, yeni məşəl təsərrüfatı, buxar istehsalı və suyun deminerallaşdırılması qurğuları, yeni susoyutma qurğusu və müvafiq infrastrukturların işə salınması yeni əsas emal qurğularının istehsala başlaması üçün tələb olunan yanacaq təminatına imkan verəcək və su-buxar kimi yardımçı xidmətləri təmin edəcək. Məşəl təsərrüfatı fövqəladə hallarda təhlükəsizliyi təmin etmək üçün karbohidrogen maddələrinin sistemdən boşaldılması məqsədilə istifadə olunacaq.

2020-2021-ci illərdə tikinti sektorunda mövcud məhdudiyyətlərə və təklif sıxlığına baxmayaraq, görülən tədbirlər nəticəsində layihənin icrasında əhəmiyyətli irəliləyiş (2021-ci ilin əvvəlindən 25 faiz, pandemiya dövründə isə təqribən 45 faiz) əldə edilib. Ümumilikdə, cari ilin oktyabr ayının sonunadək layihənin hazırkı mərhələsi üzrə ümumi irəliləyiş 85 faizdən yüksək olub.

Cari ilin sonunadək layihənin hazırkı mərhələsi üzrə yenidənqurma işlərinin 90 faiznin tamamlanması gözlənilir. Hazırda NEZ-də istismara hazırlıq və sazlama işlərinə başlanıb, eyni zamanda, 2022-ci ildə zavodda aparılacaq əsaslı və dövrü təmir işlərinə fəal hazırlıq görülür.

Növbəti addım olaraq, digər köməkçi qurğuların – yeni hidrogen istehsalı qurğusu, hidrogen zənginləşdirmə qurğusu, turş suların təmizlənməsi qurğusu, kükürd istehsalı qurğusu və son olaraq, dizelin hidrotəmizləmə qurğusunun işə salınması ilə NEZ-də artıq “Avro-5” standartlarına uyğun dizel yanacağının istehsalına başlanılacaq. “Avro-5” dizel istehsalı üzrə işlərin 2022-ci ilin ortalarında başa çatdırılması və əsas qurğuların da həmin vaxt işə salınması planlaşdırılır.

Növbəti bir il ərzində isə daha keyfiyyətli “AI-92” benzinin istehsalı və nəhayət “Avro-5” standartına cavab verən “AI-92” və “AI-95” benzinlərinin istehsalı üçün tələb olunan müvafiq yeni qurğuların istismara verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, pərakəndə satışa çıxarılan yanacaq enerji təhlükəsizliyinin təmin olunması üçün adətən əvvəlcədən istehsal olunur və yanacaqdoldurma şəbəkələri tərəfindən tədarük edilərək, tədricən reallaşdırılır. Odur ki, yanacaqdoldurma məntəqələrində əvvəlki dövrdə istehsal olunmuş yanacağın tükənməsi və yeni keyfiyyət standartına uyğun istehsal olunan yanacaqla tam əvəzlənməsi tədricən gerçəkləşəcək. Bu proses “Avro-5” standartına cavab verən yanacaq istehsalının başlanmasından sonra bir neçə ay davam edə bilər.

2020-ci ildən NEZ-in modernizasiyası, layihənin daha səmərəli idarə olunması məqsədilə “SOCAR Downstream” şirkətinə həvalə olunub. Beynəlxalq məsləhətçilərin iştirakı ilə inteqrasiya olunmuş layihə komandası yaradılıb və layihənin idarə edilməsinə yüksəkixtisaslı mütəxəssislər cəlb olunub.

SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanı “AI-92”, dizel və təyyarə yanacağı kimi mühüm yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. NEZ-in istehsal səmərəliliyinin artırılması, ölkənin “Avro-5” standartına uyğun olan yüksəkkeyfiyyətli yanacaq növləri ilə təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.