İQTİSADİYYAT
Heydər Əliyev adına neft emalı zavodunda ictimaiyyətlə görüş keçiriləcək
Bakı, 5 oktyabr, AZƏRTAC
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) yenidən qurulması və modernləşdirilməsi layihəsi çərçivəsində tikintisi nəzərdə tutulan Bitum qurğusunun Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədi ilə əlaqədar ictimai dinləmələr keçiriləcək.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dinləmələr noyabrın 2-də saat 10:00-da NEZ-in Modernizasiya və Yenidənqurma İşləri üzrə ofis binasının böyük konfrans zalında (2-ci mərtəbə) baş tutacaq. Zavod tərəfindən təşkil olunan tədbirdə iştirak edənlərin qeydiyyatı saat 9:30-da başlanacaq. Bütün maraqlı şəxslər tədbirdə iştirak edə bilər.
Ekologiya İdarəsi tərəfindən hazırlanmış ƏMTQ sənədinin ictimaiyyətə təqdim edilməsi üçün tanış olması üçün elektron formatda SOCAR-ın rəsmi internet səhifəsində (NEZ ƏMTQ_Faza 1.pdf), çap variantı isə NEZ-in Nizami rayonu, Oqtay Vəliyev küçəsi 1 ünvanında yerləşən kitabxanasında yerləşdirilib. Dinləmələr zamanı mütəxəssislər NEZ-də aparılan yenidənqurma və modernləşdirmə layihəsi, həmçinin layihə çərçivəsində tikiləcək Bitum qurğusunun inşası və istismarı dövründə ətraf mühitə potensial təsirlər və onların azaldılması tədbirləri, hər bir fəaliyyət aspekti üzrə kumulyativ təsirlər, layihə alternativləri, layihə ərazisinin ilkin vəziyyəti və layihə ərazisində ətraf mühitin idarə edilməsi, eləcə də monitorinq barədə iştirakçılara ətraflı məlumat verəcəklər. İctimai dinləmədə səslənən bütün rəy və təkliflər yekun ƏMTQ sənədində nəzərə alınacaq.
Maraqlananlar Heydər Əliyev adına NEZ-in Əməyin təhlükəsizliyi və keyfiyyətə nəzarət departamentinin ekologiya şöbəsinin rəisi Qiyas Bayramovla (+99412) 521 00 00 (daxili nömrə 17623) və ya (+99450) 250-89-53 (mob.) telefon nömrələri, eləcə də [email protected] e-mail adresi vasitəsilə əlaqə saxlaya bilərlər.