CƏMİYYƏT
Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır
Bakı, 12 dekabr, AZƏRTAC
Müdrik dövlət xadimi ulu öndər Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyəti hər bir vətəndaş üçün örnəkdir. Xalqını dərindən sevən Ümummilli Lider müstəqilliyimizin qorunması və möhkəmlənməsi, dövlətimizin inkişafı naminə əvəzedilməz işlər görüb.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Ümummilli Liderin xatirəsinə ehtiramını bildirmək üçün dekabrın 12-də Fəxri xiyabana ziyarətə gəlmiş Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə deyib.
Z.Mirzəzadə qeyd edib ki, Ümummilli Lider zamanın ən ağır məqamlarında dövlətçiliyimizin qorunması və inkişafı naminə mühüm addımlar atıb. Bu gün ölkəmiz Heydər Əliyev siyasətinin uğurlarından faydalanır. Ümummilli Lider ölkənin hərtərəfli tərəqqisində böyük işlər görüb. O, istər keçmiş SSRİ dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə respublikanın tərəqqisi, xalqın rifahı üçün yorulmadan çalışıb. Müdrik dövlət xadimi gənclərin fəal vətəndaş mövqeyinin formalaşdırılmasında, cəmiyyətdə, dövlət quruculuğu prosesində yaxından iştirak etməsində mühüm təşəbbüslər irəli sürüb, tövsiyələr verib. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında Ulu Öndərin müstəsna xidmətləri danılmazdır. Məhz bu xidmətlər sayəsində hazırda müasir, qüdrətli Azərbaycan dövləti dünya birliyində öz layiqli yerini tutur.