REGİONLAR
“Heydər Əliyev siyasi kursuna varislik: Qələbəyə aparan uğurlu diplomatiya” adlı elmi konfrans keçirilib
Naxçıvan, 6 may, AZƏRTAC
Vətən müharibəsində qazandığımız zəfərimiz ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində qurulan möhkəm təməlin nəticəsidir. Xalqımız tam əmin idi ki, Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Azərbaycan Prezidentinin rəhbərliyi ilə münaqişə öz ədalətli həllini tapacaq, işğal altındakı torpaqlar azad ediləcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatı və Beynəlxalq münasibətlər kafedrasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev siyasi kursuna varislik: Qələbəyə aparan uğurlu diplomatiya” adlı elmi konfransda rektor Elbrus İsayev səsləndirib.
Ulu Öndərin dəyərli fikirlərindən sitatlar gətirən universitetin rektoru gənclərə Ümummilli Liderin siyasətini dərindən öyrənməyi, bu örnək ideyaları gələcək nəsillərə çatdırmağı tövsiyə edib.
Sonra Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Yusif Hüseynovun “Heydər Əliyevin xarici siyasət strategiyası və prioritetlər”, Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının fakültə sədri, Beynəlxalq münasibətlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədovun “Milli maraqları əsas tutan balanslaşdırılmış diplomatiya”, Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə II kurs magistrant Aysu Cavadlının “Prezident İlham Əliyevin qətiyyətli diplomatiyası və 44 günlük Zəfər yürüşü” adlı çıxışları dinlənilib.
Konfransda Yeni Azərbaycan Partiyasının sıralarına daxil olmuş tələbələrə üzvlük vəsiqələrinin təqdimatından sonra “Uğurlu diplomatiyanın Zəfər Meydanı” adlı sənədli filmə baxış olub.