“Heydər Əliyev və Azərbaycan folkloru” - elmi sessiya
AzerTAg.az
Bakı, 22 may, AZƏRTAC
Göyçay şəhərində Ümummilli Liderin 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan folkloru” mövzusunda elmi sessiya keçirilib. Tədbir Göyçay Rayon İcra Hakimiyyəti və AMEA Folklor İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.
Bu barədə AZƏRTAC-a Folklor İnstitutundan məlumat verilib. Sessiyanı rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova açaraq Ulu Öndərin Azərbaycanın milli-mənəvi dəyərlərinə, mədəni irsinə böyük diqqət və qayğısından bəhs edib.
Folklor İnstitutunun baş direktoru akademik Muxtar İmanov “Heydər Əliyev və Azərbaycan dövlətçiliyinin mənəvi əsasları” mövzusunda məruzə ilə çıxış edib. Akademik bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin çoxşaxəli fəaliyyətində elm, təhsil və mədəniyyətin inkişafına diqqət və qayğı xüsusi yer tutub. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk vaxtlardan folklora və folklorşünaslığa münasibət müsbət mənada dəyişib. Azərbaycan Elmlər Akademiyasının əməkdaşları 1970-1980-ci illərdə “Kitabi-Dədə Qorqud”, “Koroğlu” eposlarını, eləcə də Azərbaycan məhəbbət dastanları, nağıllar, qaravəllilər, lətifələr, atalar sözləri, bayatılar, əfsanə və rəvayətlərdən ibarət topluları təkrar-təkrar nəşr etdiriblər. O illərdə M.H.Təhmasib, M.Seyidov, İ.Abbaslı və başqa alimlərimizin folklorşünaslıq sahəsində sanballı elmi əsərləri ortaya çıxdı. Azərbaycan müstəqillik qazandıqdan sonra Heydər Əliyev azərbaycançılığı milli dövlətimizin əsas ideologiyası elan etdi. Azərbaycançılığın əsas prinsiplərindən birini isə milli-mənəvi dəyərlərə, mədəni irsə sahiblənmək təşkil edir.
Sessiyada, həmçinin “Azərbaycan dövlət simvollarındakı astral işarələrin folklor semantikası”, “Göyçay folkloru: problemlər və perspektivlər”, “Müstəqilliyimizin bərpasından sonrakı dönəmdə Azərbaycan folklorunun toplanması və nəşri məsələləri” mövzularında məruzələrlə çıxış ediblər.
Sessiyadan sonra Folklor İnstitutunun nəşr etdiyi “Göyçay folklor örnəkləri” toplusunun təqdimat mərasimi olub.


Xəbərin mətnində orfoqrafik səhv var