“Heydər Əliyev və gəncliyimiz” esse müsabiqəsinin qalibləri mükafatlandırılıb
AzerTAg.az
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ali təhsil müəssisələrinin Filologiya və Jurnalistika fakültələrinin tələbələri arasında “Heydər Əliyev İli” çərçivəsində elan etdiyi “Heydər Əliyev və gəncliyimiz” esse müsabiqəsinin fevralın 3-də yekun tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Mərkəzin direktoru professor Sevinc Əliyeva tələbələr arasında esse müsabiqələrinin keçirilməsinin görkəmli dövlət xadimi Heydər Əliyevin şərəfli həyat yolu və ictimai fəaliyyətinin öyrənilməsi ilə yanaşı, uğurlu gənclər siyasətinin əsasında yüksək erudisiyaya, geniş dünyagörüşünə, milli düşüncəyə malik gənc nəslin yetişdirilməsi və azərbaycançılıq ideologiyasının təbliği baxımından da xüsusi əhəmiyyətə malik olduğunu söyləyib. Bildirib ki, esse müsabiqələri tələbələrdə tədqiqatçılıq bacarığını üzə çıxarmaqla onlarda düzgün yazı vərdişlərini inkişaf etdirməyə geniş imkan yaradır.
Müsabiqə üçün göndərilən yazıların yoxlanma prinsipləri və qaliblərin seçilmə meyarları barədə ətraflı məlumat verən münsiflər heyətinin üzvü AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Qüdsiyyə Qəmbərova təqdim olunmuş 49 essedən tələb olunan şərtlərə uyğun gələn bir müəllifin qalib seçildiyini və iki müəllifin fəxri fərmana layiq görüldüyünü nəzərə çatdırıb. Qiymətləndirmə meyarlarını diqqətə çatdıran münsif bildirib ki, esselərdə məzmun və məna vəhdət təşkil etməli, üslub vahidliyi və mətnin ifadəliliyi qorunmalıdır. Nəticələri ümumiləşdirən dosent Qüdsiyyə Qəmbərova müsabiqəyə göndərilən əksər yazılarda orfoqrafik, qrammatik və üslub səhvlərinə rast gəlindiyini, mətnlərin abzaslara düzgün bölünmədiyini, punktuasiya qaydalarına riayət olunmadığını, mövzu ilə məzmun arasında uyğunsuzluq kimi halların müşahidə edildiyini, ciddi plagiat faktlarının aşkarlandığını bildirib.
Münsiflər heyətinin digər üzvləri esse və inşa müsabiqələrinin nəticələrinin orta məktəblərdə yazı işlərinin bərpa olunmasının zəruriliyini bir daha aktuallaşdırdığını qeyd ediblər.
Müsabiqənin qalibi Naxçıvan Dövlət Universitetinin I kurs magistrantı Muxtar Rzazadə tədbirin sonunda “Ulu Öndər Heydər Əliyev və gəncliyimiz” adlı essesini səsləndirib.
“Heydər Əliyev və gəncliyimiz” adlı esse müsabiqəsində Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsinin IV kurs tələbəsi Tahirə Mustafayeva və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının Pedaqoji fakültəsinin II kurs tələbəsi Ceyhunə Ağaverdiyeva fəxri fərmanlarla təltif olunublar.






Xəbərin mətnində orfoqrafik səhv var