REGİONLAR
Heydər Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb
Masallı, 5 may, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Heydər Əliyev Mərkəzi və Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, pandemiya ilə bağlı karantin qaydalarına uyğun keçirilən tədbirdə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Masallı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva bildirib ki, Azərbaycan xalqının tarixi taleyi qarşısında əvəzsiz xidmətləri olan ulu öndər Heydər Əliyev adını milli tariximizə böyük xilaskar olaraq qızıl hərflərlə yazıb. Mənalı ömrünü, bütün varlığını canı və qanı qədər sevdiyi Azərbaycana həsr edən Ümummilli Liderin Vətən və xalq qarşısında xidmətləri, onun müəyyənləşdirdiyi milli siyasət və inkişaf strategiyası ölkəmizin qüdrətinin təməlində dayanır. Bu gün Ulu Öndərin varisi, Prezident İlham Əliyev onun siyasi kursunu uğurla davam etdirir.
Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva çıxışında qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev adı ilə, əməlləri ilə əbədi yaşayan şəxsiyyətdir. Azərbaycan üçün həyata keçirilən misilsiz işlər dahi liderin adına əbədiyaşarlıq qazandırır. Buna görə də, nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaq.
Sonda tədbir iştirakçıları Masallı Rayon Heydər Əliyev Mərkəzinin ekspozisiya zalında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan” mövzusunda məktəblilərin əl işlərindən ibarət sərgiyə baxıblar.