REGİONLAR
Heydər Əliyevin azərbaycançılıq məfkurəsini öyrənmək hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur
Xırdalan, 20 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilib. Gənclər və İdman Nazirliyinin və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri, rayonun fəal gəncləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Ümummilli Liderin adını daşıyan parkda dahi rəhbərin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra konfrans akt zalında davam edib. Dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Konfransı açan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirib ki, müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu ulu öndər Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Qeyd olunub ki, bu gün hər birimiz dahi rəhbərin qurub-yaratdığı, dünyaya tanıtdığı müasir Azərbaycanın vətəndaşları olmağımızla fəxr edirik. Müstəqil Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsini öyrənmək hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev ulu öndər Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində, müasir Azərbaycan dövlətinin qurulmasında və xalqın rifahının yüksəlməsində əvəzedilməz xidmətlərindən danışıb.
Nazirlik yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin nümayəndəsi İsmayıl Cəfərov və rayonun fəal gəncləri Ulu Öndərin şərəfli həyat yolundan, Xalq və Lider məhəbbətinin vəhdətindən yaranan müstəqil Azərbaycanın uğurlarından söz açıblar. Konfransda Ümummilli Liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətindən də söhbət açılıb, həyata keçirdiyi nəhəng layihələr diqqətə çatdırılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.