ELM VƏ TƏHSİL
Heydər Əliyevin ömür yolu hər bir azərbaycanlı üçün örnəkdir
Bakı, 11 may, AZƏRTAC
AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda (İSİ) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə institutun rəhbərliyi, şöbə və laboratoriya müdirləri və digər əməkdaşlar iştirak ediblər.
Qeyd edilib ki, Ulu Öndərin mənalı ömrünün əsas qayəsi Vətənə, xalqa xidmət, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkənin inkişafı, əhalinin rifahının yaxşılaşdırılması ilə bağlı olub. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir. Məhz Ümummilli Liderin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulub, dünya məkanında layiqli yerini tutub. Bütün həyatı boyu xalqına sədaqətlə xidmət etmiş Heydər Əliyevin ömür yolu hər bir azərbaycanlı üçün örnəkdir.
Ulu Öndər üçün ən böyük əhəmiyyət kəsb edən məsələlərdən biri də məhz Azərbaycanın ərazi bütövlüyünün bərpası olub. Heydər Əliyev bu istiqamətdə taleyüklü qərarlar qəbul edib, diplomatik sahədə uğurlu addımlar atıb, ordu quruculuğuna xüsusi diqqət göstərib. Ulu Öndər, həmçinin ərazi bütövlüyü uğrunda canından keçən soydaşlarımızın xatirəsini əziz tutub, müharibə nəticəsində zərər çəkən əhaliyə qayğısını əsirgəməyib. Məhz Heydər Əliyev üçün önəmli olan bu problem Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsi nəticəsində öz həllini tapdı, Azərbaycanın əzəli və əbədi torpaqları işğaldan azad olundu. Hazırda dövlətimizin başçısının göstərişi ilə həmin ərazilərdə müasir inkişaf meyilləri əsasında bərpa və yenidənqurma işləri aparılır.