REGİONLAR
Heydər Əliyevlə görüş həyatımın ən qiymətli xatirəsidir
Ağdam, 12 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsini ziyarətə gəlmiş insanlar arasında Ulu Öndəri şəxsən tanıyan, qəlbində onunla bağlı unudulmaz xatirələri daşıyan insanlar da vardı.
Ağdam rayon Xındırıstan kənd sakini Aybəniz Cəfərova AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində əbədiyaşar lider Heydər Əliyevlə bağlı xatirələrindən danışıb: “Ulu öndər Heydər Əliyev 1970-ci ildə iki dəfə kəndimizə gəlib, zəhmətkeşlərlə görüşüb. O vaxt kolxoza atam rəhbərlik edirdi. Bu görüşlərin birində mən də iştirak etmişəm. Həmin görüş çox yaxşı yadımdadır və həyatımın ən qiymətli xatirəsidir”.
A.Cəfərova Heydər Əliyevin rayona səfərləri zamanı çəkilmiş şəkilləri evlərinin çox dəyərli əşyaları kimi saxladıqlarını deyib: “Ağdam rayonu işğal olunanda biz o şəkilləri böyük sərvət kimi götürdük. Sonra həmin şəkilləri Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzinə təqdim etdik. Heydər Əliyev kimi tarixi şəxsiyyəti gördüyüm üçün özümü xoşbəxt hesab edirəm”.