SİYASƏT
Hikmət Babaoğlu: Dövlətin gördüyü bütün tədbirlər əhalinin sağlamlığını təmin etmək üçündür
Bakı, 20 mart, AZƏRTAC
Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər əhalinin sağlamlığını təmin etmək üçündür.
Bu sözləri AZƏRTAC-a Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik nitqində bir sıra mühüm məsələlərə toxundu. Onların hər biri olduqca aktual olmaqla bərabər, həm də məzmun etibarilə hazırkı milli çağırışlar kontekstində vacib idi. İlk növbədə, Novruz bayramını milli bayramımız və sərvətimiz adlandıran Azərbaycan Prezidenti bu il koronavirusa görə kütləvi tədbirlərin keçirilməsinin mümkün olmadığını dilə gətirdi və qeyd etdi ki, xalqımız bu vəziyyəti yaxşı anlayır. Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək üçündür. Ona görə də hər bir vətəndaş öz məsuliyyətini dərk etməli, koronavirusa qarşı mübarizədə birlikdə güclü olmağı bacarmalıdır. Azərbaycan Prezidenti ölkəmizdə həyata keçirilən islahatlar və bu prosesin dönməz olduğuna işarə edərək islahatların cəmiyyətdə zaman–zaman kök atmış bəzi neqativ ənənələri ictimai-siyasi və iqtisadi həyatımızdan birdəfəlik çıxaracağı ilə bağlı fikirlərini bildirdi.
“Ölkəmizin inkişafının vətəndaşlarımıza yeni sosial rifah gətirdiyi, sosial islahatlar paketinin 4,2 milyon vətəndaşımızı əhatə etdiyini və bu islahatların davamlı olacağını vurğulayıb. İslahatlar mövzusunda ən vacib istiqamətlərdən birini şərh edən Prezident İlham Əliyev ölkəmizdə keçirilən son parlament seçkilərini, Milli Məclisin yeni tərkibdə formalaşdığını və parlamentdə yeni siyasi konfiqurasiyanın yarandığını ifadə etdi. Siyasi islahatların gətirdiyi yeni şərtlər bütövlükdə ölkəmizdə tamamilə fərqli dialoq və əməkdaşlıq mühiti yaradıb ki, bu da hazırkı mürəkkəb beynəlxalq şərtlər fonunda milli enerjini milli maraqlar istiqamətində səfərbər etmək üçün olduqca münbit zəmin formalaşdırıb. Ancaq bəzi marginal qruplar özlərini siyasi sistemin daxili müstəqil aktoru kimi deyil, onun autsayderləri kimi aparırlar ki, bu da onların xaricdən direktivlər alması ilə izah oluna bilər. Ona görə də belə qruplaşmaların fəaliyyəti milli maraqlarımız baxımından izah edilən və başadüşülən deyil”, - deyə Milli Məclisin deputatı bildirib.
O vurğulayıb ki, bu vəziyyət yalnız yeni beşinci kolon yaratmaq cəhdləri kimi səciyyələndirilə bilər ki, bu da əsla yolverilməzdir. Ona görə də Prezident İlham Əliyev haqlı olaraq bildirdi ki, yeni siyasi konfiqurasiyada satqın, xain beşinci kolonun nümayəndələrinə yer olmayacaq.
H.Babaoğlu bildirib: “Azərbaycan satqınlardan, xainlərdən, o cümlədən beşinci kolonun nümayəndələrindən təmizlənir və təmizlənməlidir. Əslində bu fikirlər hazırkı mərhələdə ölkəmizə qarşı xarici siyasi iradənin diktəsi ilə təşkilatlanmaq istəyən marginal qruplara verilən bir ismarıc kimi qiymətləndirilə bilər. Çünki önümüzdə yeni qlobal çağırışlar, yeni tarixi mərhələ yaranır ki, biz də öz milli maraqlarımızı bu çağırışlarla uzlaşdıraraq yeni inkişaf mərhələsinə qədəm qoymağı bacarmalıyıq. Ona görə də, bu gün milli birlik və bərabərlik ideyaları hər cür siyasi iddiadan yüksək olmalı, növbəti inkişafımızı təmin etmək üçün siyasi sistemimizin bütün daxili aktorları öz güclərini dövlətçilik maraqlarımız ətrafında səfərbər etməlidir”.