SİYASƏT
Hikmət Babaoğlu: Tarixi Zəfərimizdən ötən bir ilə yaxın müddətdə on ilə bərabər işlər görülüb
Bakı, 30 sentyabr, AZƏRTAC
Bir neçə gün əvvəl ildönümünü qeyd etdiyimiz tarixi Zəfərimizin və güclü Azərbaycan dövlətinin memarı Prezident İlham Əliyevdir. Əslində, güclü dövlət xalq–iqtidar birliyi, güclü iqtisadiyyat və güclü ordu sayəsində mümkün olur. Ölkəmizdə həyata keçirilən siyasət sayəsində ötən illər ərzində bütün bunlar və güclü dövlət olmanın digər mühüm komponentləri təmin edildi. Azərbaycanın həyata keçirdiyi strateji diplomatiya onun beynəlxalq münasibətlər sistemində yerini və rolunu əhəmiyyətli dərəcədə artırdı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı bildirib.
O qeyd edib ki, tarixi Zəfərimizə doğru irəliləyərkən ərazi bütövlüyümüzün beynəlxalq hüquqla təminatı gücləndirildi, hüquqi bazası daha da genişləndirildi. Regionda real güc faktoru kimi çıxış edən və daha çox Ermənistanla əlaqələri olan bəzi ölkələri Azərbaycan öz müttəfiqinə çevirməyi bacardı. Bununla belə təbii-tarixi müttəfiqləri ilə strateji müttəfiqlik əlaqələrini tamamilə yeni keyfiyyət mərhələsinə qaldırdı. Paralel olaraq regionun ən güclü və döyüş qabiliyyətli ordusunu qurmağı bacardı. Nəticədə çox mürəkkəb bir regionda elə eyni dərəcədə də mürəkkəb olan bir tarixi mərhələdə qətiyyətli qərar qəbul edərək öz ərazi bütövlüyünü bərpa etdi. 44 gün davam edən Vətən müharibəsi milli qətiyyətimizin və əzmimizin təntənəsi ilə başa çatdı. İşğalçı Ermənistana tarix boyu unutmayacağı bir dərs verildi. Bu hadisə milli dövlətçilik tariximizin ən şərəfli səhifəsi kimi milli yaddaşımıza yazıldı.
“Hazırda isə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımız uzun illərdir həsrətini çəkdiyi böyük qayıdış dövrünü yaşayır. İşğaldan azad edilmiş torpaqlarımıza yollar çəkilir, infrastruktur yaradılır, şəhər və qəsəbələr inşa edilir. Tarixi zəfərimizdən ötən bir ilə yaxın müddətdə 10 ilə bərabər işlər görülüb və görülməkdə davam edir. Ən əsas məsələlərdən biri də odur ki, Azərbaycanın yaratdığı yeni reallıq dünya tərəfindən qəbul edilir. Bu reallığı gec–tez Ermənistan da qəbul etməyə məcbur olacaq. Bütün bu zəfər və inkişaf ölkəmizin tarixində tamamilə yeni bir səhifə açır”, - deyə deputat vurğulayıb.