REGİONLAR
Hikmət İbrahimli: Sığortanın tətbiqi ilə xəstəxanalara müraciət edənlərin sayı iki dəfə artıb
Cəlilabad, 25 yanvar, İlkin Adıyev, AZƏRTAC
İcbari tibbi sığortanın uğurlu tətbiqi üçün möhkəm maddi-texniki bazanın mövcudluğu və müxtəlif ixtisaslı həkim kadrlarının təminatı vacib amillərdəndir.
Bunu AZƏRTAC-a açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli deyib.
Onun sözlərinə görə, səhiyyə islahatının əsasını təşkil edən icbari tibbi sığortanın tətbiqi tibbi xidmətlərin müasir tələblərə uyğunlaşdırılmasında, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsində xüsusi əhəmiyyət kəsb edir.
Sığortanın tətbiqi ilə xəstəxanalara müraciətlərin sayı kəskin artdığını söyləyən departament rəhbəri bildirib: “Cəlilabad rayonunda icbari tibbi sığortanın tətbiqinə 2021-ci ildən başlanılıb. 2020-ci il koronavirus pandemiyasına təsadüf etdiyindən müqayisəni son iki il üzrə qeyd edəcəyəm. Belə ki, 2021-ci il ilə müqayisədə 2022-ci ildə xəstəxanaya daxil olan müraciətlərin sayı 2 dəfə artıb (57 min 999-dan 122 min 515-ə). Son iki il ərzində müraciətlər üzrə 335 min 910 ambulator, 52 min 500 stasionar xidmət göstərilib. Ümumilikdə 4170 cərrahi əməliyyat icra olunub”.