SİYASƏT
Hikmət Şikarov: Gəncə hadisələri göstərdi ki, Azərbaycanda hər hansı məkrli plan həyata keçirmək mümkün deyil
Bakı, 12 iyul, AZƏRTAC
Gəncədə bir qrup radikal tərəfindən asayişin pozulmasına cəhd edilməsi və iki polis zabitimizin şəhid olması bir daha göstərdi ki, bu hadisə qabaqcadan planlaşdırılmış məqsədyönlü antiazərbaycançı güc mərkəzləri tərəfindən təşkil edilmiş terror hadisəsidir. Bunun isə yalnız bir adı var: dünyanın sabitlik, təhlükəsizlik və əmin-amanlıq adası olan Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov deyib.
Sədr bildirib ki, əlinə soyuq silah, deşici-kəsici alətlər alaraq asayişi pozmağa cəhd göstərmək, xidməti vəzifəsini yerinə yetirən şəxsləri qətlə yetirmək nə dinə, nə də demokratiyaya xidmət edir. Bu, yalnız və yalnız ölkədə sabitliyi, ictimai asayışı pozmağa, xaos yaratmağa yönəlmiş bir addımdır. Bu gün ölkəmizin yüksək templə inkişafı və sabitliyi bəzi anti-Azərbaycan qüvvələrin maraqlarına zidd gəldiyi üçün əllərindəki kuklaları vasitəsilə belə məkrli oyunlar oynayırlar. Ancaq hadisələrin gedişi göstərdi ki, belə bir çirkin planı Azərbaycanda həyat keçirmək mümkün deyil. Çünki bu ermənipərəst qüvvələr, öz maraqları naminə dövlətinə, xalqına xəyanət edənlər, dinc sakinləri təşvişə salmaq istəyənlər, xaricdə oturub burada qarışıqlıq yaratmaq istəyənlər, sapı özümüzdən olan baltalar anlamırlar ki, bizim ölkədə xalq-iqtidar birliyi var, heç bir qüvvə bu birliyi Azərbaycan dövlətini sarsıda bilməz. Bizim sabitliyimizin əsasında Azərbaycan xalqının birliyi dayanır. Bizim düşmənlərimizi də narahat edən elə budur. Ona görə də ölkəmizdə vətəndaş müharibəsi yaratmaq istəyirlər. Lakin bir daha sübut olundu ki, müstəqil dövlətimizin ən mühüm atributlarından, əsas sütunlarından olan Azərbaycan polisi ictimai asayişin qorunmasında, dövlətə qarşı yönələn qəsdlərin qarşısının alınmasında, silahlı quldur dəstələrinin zərərsizləşdirilməsi, insanların həyatının, sağlamlığının, hüquq və azadlıqlarının, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin və mülkiyyətinin hüquqazidd əməllərdən qorunmasında, cinayətkarlığın səviyyəsinin azaldılması istiqamətində şərəflə çalışır, qarşıya qoyulmuş vəzifələri layiqincə həyata keçirir. Bu gün hər bir vətəndaşımızın başlıca istəyi odur ki, Azərbaycan polisinə qarşı bu cinayəti törətmiş şəxslər mütləq öz layiqli cəzasını alsınlar.