DÜNYA
Hindistan rupisinin məzənnəsi tarixi minimuma enib
Pekin, 7 oktyabr, AZƏRTAC
Hindistanın milli valyutası olan rupinin ABŞ dollarına olan məzənnəsi tarixi minimuma enib.
AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, oktyabrın 7-də banklararası valyuta mübadiləsi əməliyyatlarında 1 ABŞ dolları 82,22 rupi məzənnəsi ilə satışa çıxarılıb. Bu, rupinin dəyəri baxımından antirekorddur. Ekspertlər rupinin dəyərdən düşməsini dünya bazarında neftin qiymətinin qalxması fonunda treyderlərin zəif əhval-ruhiyyəsi fonunda baş verdiyini bildirir. Bildirilir ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və digər əsas istehsalçı dövlətlərin (“OPEC plus”) neft hasilatını gündəlik 2 milyon barrel azaltmaq barədə qərarından sonra xam neftin qiyməti Rusiya-Ukrayna müharibəsinin başlamasından bəri ilk dəfə yüksəlib. Bu da Hindistan da daxil olmaqla iri miqdarda neft idxal edən bəzi ölkələrin xərclərinin çoxalmasına səbəb olacaq.
Rupinin dəyərdən düşməsinin qarşısını almaq üçün Hindistanın mərkəzi bankı dollar satışını çoxaldıb. Bu isə öz növbəsində ölkənin xarici valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olacağı barədə narahatlıq yaradıb.
Qeyd edək ki, Hindistan ilə yanaşı, Asiyanın ən iri iqtisadiyyatları olan Yaponiya, Çin və Cənubi Koreyada da son aylar milli valyutanın məzənnəsində antirekordlar müşahidə olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin