DÜNYA
Hindistanda COVID-19-a gündəlik yoluxmada ABŞ-ın antirekordunu yeniləyib
Pekin, 22 aprel, AZƏRTAC
Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 314 min 835 yoluxma aşkarlanıb. Bu, dünya üzrə COVID-19 virusuna gündəlik ən çox yoluxma sayıdır. Bundan əvvəlki antirekord (307 min) yanvarın 8-də ABŞ-da qeydə alınmışdı.
AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən sutka ölkədə COVID-19 infeksiyası səbəbindən 2104 ölüm qeydə alınıb. Bu rəqəm pandemiya dövründə Hindistanda gündəlik ən çox ölüm halıdır.
Pandemiyanın 2-ci və daha ağır dalğasının müşahidə olunduğu Hindistanda indiyədək COVID-19 infeksiyasına 15 milyon 930 min yoluxma, bu xəstəlikdən 184 min 657 ölüm qeydə alınıb. Aktiv xəstələrin sayı 2 milyon 291 min nəfərdir.
Bir aydan çoxdur ki, Hindistanda virusa yoluxma halları sürətlə artır. Mütəxəssislər bu məsələdə Hindistanda COVID-19-un 3 müxtəlif ştammının birləşməsindən yaranan üçqat mutasiyasının ciddi rol oynadığını düşünürlər. Maharaştra, Qərbi Benqal ştatlarında və paytaxt Dehlidə rast gəlinən koronavirusun daha yoluxucu ştammı çox sürətlə yayılır.
Paralel olaraq Hindistanda COVID-19 virusuna qarşı vaksinasiya da aparılır. İndiyədək əhaliyə 132 milyon doza peyvənd vurulub.
Qeyd edək ki, Hindistan yoluxanların ümumi sayına görə ABŞ-dan sonra ikinci, ölüm sayına görə isə Birləşmiş Ştatlar, Braziliya və Meksikanın ardından 4-cü sıradadır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin