SİYASƏT
Hindistanda Zəfərə həsr olunan tədbirdə Azərbaycanın regionda yaratdığı yeni reallıqlardan danışılıb VİDEO
Pekin, 8 noyabr, AZƏRTAC
Azərbaycanın Hindistandakı səfirliyinin təşkilatçılığı və Hindistanın Gənc Liderlər Konfederasiyasının (Confederation of Young Leaders - CYL) dəstəyi ilə paytaxt Dehlidəki Hindistan Beynəlxalq Mərkəzində “Azərbaycan: müstəqilliyin bərpasının 30 illiyi, ərazi bütövlüyünün bərpası və gənclər arasında əməkdaşlıq perspektivləri” adlı tədbir keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, 18 Oktyabr- Müstəqilliyin Bərpası Gününə və 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbirdə konfederasiyanın sədri Himadriş Suvan, Hindistanın Gənclər Nazirliyinin gənclər məsələləri departamentinin rəis müavini Sunder Sinq, “STIC Travel Group”un rəhbəri Subhaş Goyal, səfirliyin əməkdaşları, CYL üzvləri, digər rəsmi şəxslər və qonaqlar iştirak ediblər.
Milli Məclisin Azərbaycan-Hindistan Parlamentlərarası əlaqələr üzrə işçi qrupun sədri Naqif Həmzəyev Ermənistan-Azərbaycan münaqişəsindən söz açaraq, münaqişə zamanı özü də daxil olmaqla bir çox insanın doğma yurdlarını, evlərini və mülklərini itirdiklərini bildirib. O, Azərbaycan torpaqlarının 30 ilə yaxın davam edən işğalının ötən ilin payızındakı 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı Qələbəsi ilə başa çatdığını diqqətə çatdırıb.
Vurğulanıb ki, Azərbaycanın qazandığı Zəfər regionda yeni reallıqlar yaradıb, bu səpkidə Azərbaycan-Hindistan əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, elm, texnologiya, mədəniyyət və digər istiqamətlərdə inkişafının vacibliyinə eyham edilib.
Milli Məclisin deputatı Azərbaycan dövlətinin işğaldan azad olunan Qarabağda və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa işləri barədə məlumat verib.
Azərbaycanın Hindistandakı səfiri Əşrəf Sıxəliyev 1991-ci ilin oktyabrında Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi çətinliklərdən danışıb. Səfir Azərbaycan ərazisinin 20 faizinin 30 ilə yaxın qonşu Ermənistanın işğalında qalmasına baxmayaraq, ölkəmizin müasir, sabit, güclü və inkişaf edən dövlətə çevrildiyini bildirib.
Diplomat 44 günlük Vətən müharibəsində qazanılan Qələbə ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini, lakin 30 illik işğal dövründə şəhər və kəndlərin talan edilərək dağıdıldığını diqqətə çatdırıb. Bu xüsusda Ağdam, Füzuli, Cəbrayılın tamamilə dağıdılaraq urbisidə məruz qalmasını əks etdirən videolar nümayiş olunub.
Qeyd edilib ki, hazırda Qarabağın və Şərqi Zəngəzurun çiçəklənən və inkişaf edən diyara çevrilməsi məqsədilə geniş yenidənqurma işləri aparılır, “Ağıllı şəhər” və “Ağıllı kənd”lər inşa edilir. Bununla bağlı bir çox imkanlar açılır, o cümlədən yeni texnologiyaların tətbiqi ilə irimiqyaslı infrastruktur layihələri həyata keçirilir. Həmin işlərdə iştirak etmək üçün xarici şirkətlər Azərbaycana dəvət olunurlar.
Çıxış edənlər Azərbaycan və Hindistanın gənclər təşkilatları arasında əməkdaşlığın dərinləşdirilməsinin, qarşılıqlı səfərlərin təşkilinin vacibliyini vurğulayıb, sülh, davamlı inkişaf, yaşıl və təhlükəsiz gələcək, iqtisadi perspektivlər və turizm sahələrində əməkdaşlıqla bağlı fikirlərini bildiriblər.
Tədbirdə Azərbaycanla bağlı film nümayiş etdirilib, iştirakçıların çoxsaylı sualları cavablandırılıb. Sonda qonaqlar Azərbaycan mətbəxinin ləziz təamlarını dadıblar.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin