DÜNYA
Hindistanda həmkarlar təşkilatları birgünlük tətil keçirib
Pekin, 26 noyabr, AZƏRTAC
Hindistanın 10 iri həmkarlar təşkilatı hökumətin ehtimal olunan fəhlələr əleyhinə siyasətinə etiraz olaraq birgünlük tətil elan edib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, noyabrın 26-da baş tutan tətilə Tamil Nadu, Kerala, Qərbi Benqal, Odişa, Pancab, Telanqana, Qoa və Maharaştra ştatlarında milyonlarla işçi qoşulub. Sənaye müəssisələrinin, kömür mədənlərinin, zavodların və dəmir yolu təsərrüfatının işçiləri, habelə fermerlər və bəzi dövlət qurumlarının əməkdaşları hər əmək ilinə görə ən çoxu 200 iş gününün olmasını, maaşların artırılmasını, fermerlər və fəhlələr əleyhinə olan əmək məcəllələrinin dayandırılmasını, milli pensiya sistemin ləğv olunmasını və əvvəlki pensiya sisteminin bərpasını tələb edən şüarlar səsləndiriblər.
Tətili keçirən həmkarlar təşkilatları təxminən 200 milyon işçini əhatə edir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin