CƏMİYYƏT


Hindistanlı diplomat Tibb Universitetində oxuyan hindistanlı tələbələrlə görüşüb

Bakı, 9 oktyabr, AZƏRTAC

Hindistanın Azərbaycandakı səfirliyinin ikinci katibi Suceş Çandra Sinha Azərbaycan Tibb Universitetində (ATU) təhsil alan hindistanlı tələbələrlə görüşüb.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iştirak edən ATU-nun xarici tələbələrlə iş üzrə dekanı, dosent Qorxmaz Əhmədov yeni tədris ilinin başlanması münasibətilə onları təbrik edib və uğurlar diləyib. Dekan universitet rəhbərliyi səviyyəsində xarici tələbələrə diqqət və qayğı göstərildiyini bildirib. O qeyd edib ki, xarici tələbələrlə iş üzrə dekanlıq da başqa ölkələrdən gələn tələbələri hər zaman dinləməyə, üzləşdiyi problemlərin həllində onlara dərhal yardımçı olmağa, təklif və iradlarını eşitməyə hazırdır. Qorxmaz Əhmədov ATU-nun tədris sistemində aparılan innovativ dəyişikliklər haqqında da görüş iştirakçılarına məlumat verib.

Hindistanın ölkəmizdəki səfirliyinin ikinci katibi Suceş Çandra Sinha universitetdə xarici tələbələr üçün yaradılan şəraitlə tanış olduğunu, burada yüksək səviyyədə qayğı ilə üzləşən tələbələr adından universitet rəhbərliyinə təşəkkürünü bildirib.

Diplomat tələbələri dinləməyə hər zaman hazır olduqlarını da qeyd edib: “Səfirlik olaraq daim sizinlə maraqlanırıq. Azərbaycan Tibb Universitetinin rəhbərliyi, dekanlığınız ilə əlaqələrimiz sıxdır. Sevindirici haldır ki, nə universitet tərəfindən, nə də sizlərdən ciddi şikayətlər gəlmir. İnanıram ki, təhsil boyunca ciddi problemlə üzləşməyəcəksiniz”. Diplomat gələcəyin həkimlərini məsuliyyətli olmağa, onları universitetin ictimai həyatında aktiv iştirak etməyə çağırıb.

Sonra görüşdə iştirak edən hindistanlı tələbələr də təklif və istəklərini səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.